Accessibility links

AXCP-nin Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirməyə cəhd etdiyi aksiyada təxminən 100 nəfərin saxlanıldığı bildirilir


Noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında planlaşdırılan etiraz aksiyasında onlarla aksiya iştirakçısının polis tərəfindən saxlanıldığı bildirilir.

Aksiya iştirakçıları “Azadlıq”, “İstefa”, "Azad seçki", "Siyasi məhbuslara azadlıq" şüarları səsləndirib. Saxlanılanlardan bəziləri polis zorakılığı ilə üzləşdiklərini, bu dəfə polis tərəfindən daha sərt müdaxilə olduğunu bildiriblər.

Təşkilatçılar bildirib ki, ilkin məlumata görə, aksiyada təxminən 100 nəfər saxlanıb. Təşkilatçıların sözlərinə görə, saxlananların bir çoxu səhər saatlarında evlərindən aparılıblar.

Saxlanılanlar barədə Daxili İşlər Nazirliyindən hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirməyi planlaşdırıb. Təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilib.

Bununla belə, AXCP aksiyanın keçiriləcəyini bəyan edib.

XS
SM
MD
LG