Noyabrın 10-da Gəncə Apellyasiya Məhkəməsində "Tərtər işi" üzrə daha 8-nəfərin cinayət işi prokurorluğa qaytarılıb.
Bu barədə Amerikanın Səsinə vəkil Rəsul Cəfərov bildirib.
Onun sözlərinə görə, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılıb.
Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb. Vəkil qeyd edib ki, məhkəmənin qərarına baxmayaraq, bütün təqsirləndirilən şəxslər həbsdə qalıb.
"İbtidai istintaq təqsirləndirilən şəxslər həbsdə saxlanılmaqla aparıldığına görə məhkəmə qətimkan tədbirini dəyişdirməyib", deyə o bildirib.
Sentyabrın 30-da Ali Məhkəmənin Plenumu "Tərtər işi" üzrə 19 müttəhimin işini yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib.
Noyabrın 2-də Gəncə Apellyasiya Məhkəməsi işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edib.
2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbçi istintaqa cəlb olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğunu iddia edirdilər. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.
Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.
Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Son vaxtlar işgəncələrdə və qanunsuz istintaqda iştirakı olan zabitlər həbs edilib.