Corctaun Universitetinin Demokratiya və İdarəetmə Tədqiqatları üzrə Direktoru və Yaxın Şərq Demokratiya Layihəsində (POMED) qeyri-rezident baş elmi işçi Daniel Brumberq Amerikanın Səsinə müsahibədə İranda tələbələrin başçılıq etsiyi etiraz dalğasının səbəb ola biləcəyi mümkün dəyişikliklərdən, etirazların arxasındakı səbəblərdən və Qərbin İrandakı etirazçılara mümkün dəstəyindən danışıb.
Amerikanın Səsi: Dr. Brumberq, Artıq beş həftədir davam edən etiraz dalğasına daha çox iranlı tələbə, o cümlədən məktəblilər qoşulur. Tələbələr məktəblərdə etiraz aksiyaları təşkil edir, hicablarını çıxarır və hökumət əleyhinə şüarlar səsləndirirlər. Tarixən İranda tələbələr etiraz hərəkatlarında, o cümlədən 1979-cu il inqilabında əsas rol oynayıblar. İrandakı tələbələr digər etirazçılarla birlikdə ölkədə hər hansı böyük dəyişiklik yarada bilərmi?
Daniel Brumberq: Bu, tələbələrdən çox dövlət və rejimin təbiəti və onların etirazçları əzmək imkanlarından asılıdır.
SEE ALSO: İranda ümummilli etirazlar 33-cü gündür davam edirMənim gördüyüm odur ki, tələbə hərəkatında iki element var. Bunun bir tərəfi onun spontan olması və liderlərinin olmamasıdır ki, bu həm müsbət, həm də mənfi bir haldır, çünki etirazçıların nöqteyi-nəzərindən rejimin təqsirkarı müəyyən edib, həbs etməsi asan deyil. Mənfi aspekt isə odur ki, onlar heç kimlə danışa bilmir, rejim danışıq aparmaq istəsə, bunu edəcəyi heç kəs yoxdur.
Universitetlərdəki tələbə hərəkatının bir hissəsi mövcud təşkilatlardan, tələbə təşkilatlarından gəlir. Amma belə görünür indiki və əvvəlki hərəkatlar arasındakı fərq odur ki, əvvəllər etirazlar dövlətlə əlaqəsi olan mövcud mütəşəkkil hərəkatlardan gəlirdi, indi isə daha çox spontan etirazlar var. Və dediyim kimi bunun həm müsbət, həm də mənfi təsirləri var. Bu onlara müəyyən üstünlük verir, eyni zamanda isə müəyyən çatışmazlıq yaradır. Amma sonunda bu və digər hərəkatların aqibəti hərəkatların özlərinin təbiətindən daha çox bu hərəkatların hökumət tərəfindən sadəcə repressiyadan başqa hər hansı bir reaksiyaya səbəb olub-olmayacağından asılı olacaq.
Amerikanın Səsi: Bəzi analitiklər deyirlər ki, İranda etirazlar Məhsa Əmininin ölümü ilə başlasa da, onun İranın əxlaq polisinin nəzarətində ikən ölməsi etirazlar üçün sadəcə bir tətik idi və onların arxasında duran əsas səbəb yoxsulluq, eləcə də sosial azadlıqların olmamasının xalqda yaratdığı qəzəbdir. Buna münasibətiniz nədir?
Daniel Brumberq: Məncə bu tamamilə doğrudur. Amma bu cür vəziyyətlərdə, hər zaman olduğu kimi, bu etirazların arxasında müxtəlif səbəblər var.
Kürd və bəluc ərazilərindəki etirazlar çox güman ki, bu icmaların dövlət tərəfindən sistematik ayrı-seçkiliyə məruz qalmasının nəticəsidir. Onlar ikinci sinif vətəndaşdırlar. Onların əksəriyyəti sünnidir, ona görə də rejim tərəfindən problematik olaraq görünürlər və onların bir çox digər icmaların faydalandığı iqtisadi və sosial imtiyazları yoxdur. Yəni onlar uzun müddətdir hakimiyyətdən uzaqlaşıblar. Bu bir amildir. Müxtəlif sosial siniflər və qrupların motivasiyaları fərqlidir.
Əlbəttə ki, iqtisadi və sosial vəziyyət də bir rol oynayır. Önəmli olan odur ki, eyni zamanda bir neçə səbəb üzə çıxdı və bu da etirazların gücünü artırır. Ancaq, daha öncə də qeyd etdiyim kimi, məncə əsas sual dövlətin necə reaksiya verəcəyidir.
Amerikanın Səsi: İran hökuməti etirazlarda iştirak edən məktəbliləri İranın təhsil naziri Yusif Nurinin sözlərinə görə, “islah etmək” və onları “anti-sosial” davranışlarından azad etmək üçün onları saxlayıb, psixi sağlamlıq mərkəzlərinə göndərdiyini etiraf edib. Buna reaksiyanız necədir?
Daniel Brumberq: Bu, əlamətdar bir etirafdır. Mən göstəricilərin nə olduğunu bilmirəm. Orada çox şey baş verir. İlk öncə ədliyyə nazirinin gənc uşaqlarının hökumətin nəzarəti altında necə rəftar gördüklərindən şikayətlənən ailələrlə görüşəcəyinə qərar verilmişdi. Və o orada onlarla yaxşı rəftar edildiyini sübut etməyə çalışdı. O, sosial mediada tənqid atəşinə tutuldu, sonra isə geri addım atıb, daha sərt mövqe tutdu. Yəni, aydındır ki, hökumət bir yolunu tapmağa çalışır. Mümkündür ki, hökumətin uşaqların saxlanılması ilə bağlı açıqlaması hökumətin özündə baş verənlərlə bağlı utanc hissinə dair gərginliyin olduğunu göstərir. Bu da vacibdir, çünki hökumətin görəcəyi cavab tədbirləri baxımından vahidmi qalacağı yoxsa getdikcə daha çox bölünəcəyimi həqiqətən kritikdir. Mən sizin istinad etdiyiniz xəbərləri görmüşəm, amma onu və ya hökumətin bunu etiraf etməsini necə şərh edəcəyimi dəqiq bilmirəm.
Bu cəsarət əlamətidirmi, yoxsa hökumətin özündə müəyyən ünsülərin bu siyasətlərdən narazı və ya narahat ola biləcəyinəmi işarədir. Etiraz hərəkatları əhəmiyyətlidir, çünki avrotirar rejimə etirazını bildirməklə yanaşı, onlar hökuməti məcbur edir və ya həvəsləndirir ki, hökumətdəki hər kəsin mütləq şəkildə dəstəkləmədiyi və ya qəbul etmədiyi tədbirləri görsün. Yəni hakimiyyətə müqavimət göstərən hərəkatın hökuməti necə, hansı formada utandırması rejimin özündə mövcud bölgülər və ya gərginlikləri müəyyən dərəcədə üzə çıxarır. Ona görə də mən bu şəraitdə müqavimətin qalib gələcəyini düşünmürəm. Onlar nə qədər uzun müddət müqavimət göstərsələr, hökumət bir o qədər nə edəcəyi ilə bağlı öz qərarsızlığı ilə mübarizə aparmağa məcbur olacaq. Bu o demək deyil ki, bunun qısamüddətli nəticəsi müsbət olacaq ya da hökumət güzəştlərə gedəcək. Amma bu, şübhəsiz ki, hökumətin üzləşdiyi dilemmaları və görünməmiş bir üsyanı vurğulayır.
SEE ALSO: Avropa İttifaqı İranı yeni sanksiyalarla vurur
Amerikanın Səsi: Mühacirətdə olan bir qrup iranlı, o cümlədən insan hüquqları fəalları Qərbi iranlı etirazçılara daha çox kömək etməyə çağırıb. Onlar iddia edirlər ki, bəzi Qərb ölkələri, o cümlədən ABŞ və Aİ İranda nümayişçilərə qarşı təqiblərdəki roluna görə bir neçə təhlükəsizlik rəsmisinə sanksiya tətbiq etsə də, onlar 2015 nüvə sazişi ilə bağlı İran hökuməti ilə danışıqları dayandırmaq da daxil olmaqla, daha çox tədbir görəcəklərinə işarə etməyiblər. Bu səbəbdən də onlar Qərbi sözünü deməyə və zalımın tərəfinə keçmələ azadlıq tələb edən etirazçılar arasında seçim etməyə çağırıblar. Sizcə, Qərb ölkələri iranlı etirazçıları dəstəkləmək üçün nə isə edə bilərmi?
Daniel Brumberq: Birincisi bu zalımın tərəfindən olmaq məfhumu mənə hər şeydən çox fəzilət kimi görünür. Bu, reallığı və nə ABŞ hökumətinin üzləşdiyi çətinlikləri nə də verməli olduğu çətin qərarları əks etdirmir. Məsələn açıq şəkildə etirazçıları dəstəkləsə, etirazçılar Qərb hökumətinin qolu kimi qələmə verilə bilər və İran hökuməti artıq bunu etməyə çalışıb. Yəni bir arqument odur ki, nə üçün etirazçıların Qərb hökumətləri ilə əlbir olduğuna dair ittihamları, belə desək təsdiqləməklə, bu strategiyanı qızışdıraq? Ona görə də, məncə bu, mürəkkəb bir vəziyyətdir. Bunun asan həll yolu yoxdur. Və məncə Qərbin etməli olduğuna dair mövcud şüarlar çox bəsitdir.
Mən düşünürəm ki, bir neçə dəqiqə öncə söylədiklərimin kontekstində dəyişikliyə səbəb ola biləcək bir şey edilə bilər və bu da etirazçılar arasında internet bağlantısını dəstəkləmək və onlara kollektiv şəkildə hərəkət etmək və bir növ səfərbər olmağa davam etmək üçün əlvirişli bir yol verməkdir. Bir daha deyirəm ki, etirazçılara qarşı nə səviyyədə güc tətbiq etməyə hazır olduğuna qərar verməli olması İran hökumətini getdikcə daha çox narahat, çətin vəziyyətə salır. Və nə qədər ki, hökumətdə bunula bağlı debatlar olsa, bu bir o qədər (bəlkə də qısamüddətli nəticə deyil, çünki etirazçılar baxımından qısamüddətli nəticənin olduqca acınacaqlı olduğunu düşünürəm, amma) orta və uzun müddətdə hökumətin necə reaksiya verəcəyinə təsir göstərəcək.
Bəlkə də görmüsünüz, hökumətin özündə, rejimin müxtəlif elementləri arasında hicab məsələsi və hökumətin bununla bağlı siyasətinin dəyişib-dəyişməməli olduğuna dair maraqlı debat var. Yəni bunların bir təsiri var. Biz bunun uzunmüddətli təsirlərinin nə olacağını bilmirik. Amma etirazçılar səslərini və mövcudluqlarını qoruyub saxlamağa davam edə bilmək üçün nə qədər çox etiraz edə bilsələr, hökumət bir o qədər əhalinin əhəmiyyətli bir hissəsini dərindən uzaqlaşdıran siyasətlərilə daha çox mübarizə aparmalı olacaq.