Accessibility links

BMT: İranda etirazçıların qətli və kütləvi həbsləri dayandırılmalıdır


BMT-nin insan haqları üzrə rəsmiləri İranın hökumət əleyhinə nümayişləri zorakılıqla yatırmasını beynəlxalq hüququn pozulması olduğunu deyərək, qınayıb və İran rəsmilərini dinc nümayişçilərə qarşı ölümcül repressiyalara son qoymağa çağırıb.

22 yaşlı Məhsa Əmininin ölümünün İran hökumətinə qarşı ümummilli etirazlara səbəb olmasından bir ay keçir.

Əmini baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən həbs edilib və üç gün sonra, sentyabrın 16-da polis nəzarətində ikən vəfat edib.

BMT-nin insan haqları üzrə rəsmiləri təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılıq nümayiş etdirməsindən narahat olduqlarını və əsassız həbslər, uşaqların öldürülməsi və saxlanılması ilə bağlı xəbərlərin də onlarda dərin narahatlıq doğurduğunu bildirib

BMT-nin insan haqları üzrə sözçüsü Ravina Şamdasaninin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin həqiqi güllədən istifadə etməsi və ölümcül döymələri nəticəsində 23-ə qədər uşaq öldürülüb, çox sayda uşaq yaralanıb.

Şamdasani məktəblərə də basqın edildiyini və uşaqların təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini deyib.

"İran tərəfindən qəbul edilmiş insan haqları müqavilələrinə əsasən, İslam Respublikasının uşaqların istənilən şəraitdə yaşamaq hüququnu qorumaq, onların ifadə və dinc etiraz azadlığı hüququna hörmət və mühafizə etmək öhdəliyi var. Ofisimizə etirazçıların kütləvi həbsləri ilə yanaşı, hüquq müdafiəçiləri, incəsənət xadimləri və jurnalistlər də daxil olmaqla, vətəndaş cəmiyyətinin azı 90 üzvünün həbsi barədə məlumat daxil olub" - deyə, Şamdasani bildirib.

BMT-nin insan haqları ofisinin bildirdiyinə görə, etirazçılara qarşı davam edən gərəksiz və qeyri-mütənasib güc tətbiqi dayandırılmalıdır. O, həmçinin özbaşına həbs olunanların hamısının dərhal azad edilməsinə çağırıb.

XS
SM
MD
LG