Saleh Molla Abassi təcridxanada aclıq aksiyasına başlayıb

Saleh Molla Abbasi

Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Əhər şəhərinin sakini, azərbaycanlı mədəni fəal Saleh Molla Abassi Təbriz kəşfiyyat İdarəsinin təcridxanasında aclıq aksiyasına başlayıb.

Mədəni fəalın qızı Pınar Molla Abassi Amerikanın Səsinə bildirib ki, oktyabrın 18-də Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasından atası evlə qısa telefon əlaqəsi qura bilib.

Onun dediyinə görə, təhlükəsizluk qüvvələri təcridxanada saxlanılan atasına ittihamları və həbs edilmə səbəbini açıqlamırlar.

Saleh Molla Abassi ailəsi ilə qura bildiyi bu qısa telefon əlaqəsində məmurların bu davranışı davam etdiyi təqdirdə oktyabrın 19-dan aclıq aksiyasına başlayacağını söyləyib.

Həbs edilən milli fəalın qızı Pınar xanım həmçinin öz İnstaqram hesabında paylaşdığı hekayədə qeyd edib ki, atası Əhərdəki ailə üzvlərinə bu qısa telefon danışığında kəşfiyyat agentlərinjn onunla 2006-cı ilin mayında Azərbaycanda keçirilən etiraz aksiyaları zamanı həbs olunduğu kimi rəftar etdiklərini deyib.

Çox güman ki, Molla Abassi hazırda Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında aclıq aksiyası keçirir.

O, oktyabrın 9-da Şərqi Azərbaycan vilayətində yerləşən Əhər şəhərində yaxın qohumlarından birinin evində kəşfiyyat agentləri tərəfindən şiddətli şəkildə döyülərək həbs edilib.

Həyat yoldaşı Hümeyra Türabi Amerikanın Səsinə müsahibəsində təhlükəsizlik işçilərinin qohumunun evinə silahla basqın etdiklərini, həbs zamanı ərini şiddətlə döydüklərini bildirmişdi.

SEE ALSO: Hümeyra Türabi: Həyat yoldaşımı şiddətlə döyərək həbs ediblər

Oktyabrın 9-adək təhlükəsizlik qüvvələrinin öncələr onu həbs etmək üçün cəhdləri boşa çıxmışdı.

Saleh Molla Abassi əvvəllər də dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs və dəfələrlə dindirilib təhdid edilmiş və məhkəmə tərəfindən həbsə məhkum edilmişdir.