ABŞ-ın Marşal İrsi İnstitutu 2023-cü ilin yayınadək Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) 15 minaaxtaran it təhvil verəcək və ANAMA-ya verilmiş itlərin ümumi sayı 75-ə çatacaq.
Bu barədə ANAMA-nın məlumatında deyilir.
Məlumatda deyilir ki, Marşal İrsi İnstitutu ANAMA-nın komandasını ABŞ-da 2022-ci ilin ən yaxşı kollektivi elan edib.
“ABŞ-ın humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutu Azərbaycan Minatəmizləmə Agentliyinin minaaxtaran it bələdçisi Qoşqar Kərimov və onun minaxtaran iti “Tori”ni 2022-ci ilin ən yaxşı komandası elan edib. Mükafat Marşal İrsi İnstitutunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək illik qala gecəsində sahiblərinə təqdim olunacaq. Bu məqsədlə ilin ən yaxşı komandası mükafatını almaq üçün ANAMA-nın minaaxtaran it bələdçisi Kərimov və qurumun digər əməkdaşı Fikrət ƏIiyev Vaşinqtona səfər edib,” məlumatda qeyd edilir.
Azərbaycanın ABŞ-dakı Səfirliyi bu hadisə ilə bağlı rəsmi qəbul təşkil edib. Ziyafətə ABŞ Müdafiə Departamentinin nümayəndəsi, Marşal İrsi İnstitutu idarə heyətinin üzvləri, sponsor təşkilatlar və humanitar minatəmizləmə sahəsində ixtisaslaşmış digər təşkilatların nümayəndələri qatılıblar.
ANAMA bildirir ki, Qoşqar Kərimov minaaxtaran iti ilə birgə Virciniya ştatının bir neçə orta məktəbini ziyarət edərək, ölkəsinin üzləşdiyi mina problemi barədə maarifləndirici məlumat verib və şərti minanın minaaxtaran it tərəfindən tapılması və zərərsizləşdirilməsini nümayiş etdirib.
Marşal İrsi İnstitutu Azərbaycanla 25 ildir əməkdaşlıq edir. Bu günədək 60 minaaxtaran it ANAMA üçün təmin edilib. ANAMA Marşal İrsi İnstitutunun ən böyük benefisiyarlarındandır.