Urmiyədəki aksiyalar ilə bağlı həbs edilən fəal müvəqqəti azadlığa buraxılıb

Əşkan Səadətmehr

İranda davam edən kütləvi aksiyalar fonunda bir neçə gün əvvəl Urmiyədəki evində nəzarət altına alınan milli fəal Əşkan Səadətmehrin mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldığı bildirilir.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri cümə günü gecə yarısından sonra fəalın evində reyd keçirib, onun həyat yoldaşına da əziyyət ediblər.

"Məmurlar hər hansı bir hökm göstərmədən fəalın evində axtarış aparıb və həyat yoldaşının mobil telefonunu müsadirə ediblər" , Günaz TV-nin xəbərində qeyd edilib.

Əşkan Səadətmehr bazar ertəsi günü müvəqqəti azadlığa buraxılıb. Səadətmehr daha əvvəl də siyasi və mədəni fəaliyyətləri üzündən həbs və mühakimə edilib.

SEE ALSO: Təhlükəsizlik qüvvələri güneyli fəalın evində reyd keçirib, ailə üzvlərini döyüblər 

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb.

Hüquq müdafiəçiləri, həmçinin qadınların rəhbərlik etdiyi kütləvi aksiyalar ilə əlaqədar İran Azərbaycanında yüzlərlə vətəndaşın saxlanıldığını deyirlər. Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizli də Təbriz kimi şəhərlərdə aksiyalar zamanı yaralanan bir çox etirazçının nəzarət altına alınaraq hərbi xəstəxanalara yerləşdirildiyini bildirib.