Accessibility links

Təbrizdə kino xadimi və ictimai fəal həbs edilib


Məhəmməd Siyaməkniya
Məhəmməd Siyaməkniya

Təbrizli ictimai fəal və kinorejissor Məhəmməd Siyaməkniya Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Məhəmməd Siyaməkniya sentyabrın 24-də Təbrizdə iş yerinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.

Məhəmməd Siyaməkniyanın yaxınları və ailəsi onun səhhətindən narahat olduqlarını hüquq müdafiəçilərinə bildirərək, ictimai fəalın harada olduğundan xəbərsiz olduqlarını bildiriblər.

Siyaməkniyanın həbsinin səbəbi və ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat açıqlanmayıb.

İctimai fəal İran Azərbaycanının şəhərlərində keçirilən etiraz aksiyalarından bir gün sonra həbs edilib.

Məhəmməd Siyaməkniya türk dilində bir neçə qısa film çəkib. Onun “Ağacdələn” filmi 12-ci Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Kinorejissor türkcə “Dil” adlı daha bir film də çəkib. O həmçinin bir neçə sosial mövzularda sənədli filmlərin prodüseridir.

İran İslam Respublikası hökuməti interneti kəsməklə və sosial şəbəkələri, o cümlədən, İranda keçirilən son etiraz aksiyalarından əvvəl əlçatan yeganə sosial şəbəkə olan Instagramı bloklamaqla həbs olunanların və etiraz aksiyaları barədə video və xəbərlərin yayılmasına əngəl olur.

XS
SM
MD
LG