Əli Kərimli: Yeni qanun layihəsi çoxpartiyalılığın ləğvinə yönəlib

Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinin müxalif siyasi partiyaların qeydiyyatının ləğvinə yönəldiyini və siyasi mübarizə mühitinə zərbə olduğunu bildirib. Əli Kərimli, həmçinin gün ərzində telefonlarının və internetinin söndürüldüyünü deyib.

Your browser doesn’t support HTML5

Əli Kərimli: Yeni qanun layihəsi çoxpartiyalılığın ləğvinə yönəlib

Amerikanın Səsi: "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması hansı zərurətdən irəli gəlib? Bu qanun layihəsi qüvvədə olan qanunla nə ilə fərqlənir?

Bu qanun başdan-ayağa partiyaların məhdudlaşdırılmasına yönəlmiş müddəalarla zəngindir.     

Əli Kərimli: Bu qanunun meydana çıxması üçün heç bir zərurət yoxdur. Bu qanun layihəsini ona görə ortaya çıxarıblar ki, Azərbaycanda faktiki çoxpartiyalılığı ləğv etsinlər. Qanun layihəsini qısa şəkildə belə qiymətləndirmək olar ki, Azərbaycanda mövcud real müxalifət partiyalarının ləğv edilməsi və yeni müxalifət partiyalarının yaradılmaması haqqında qanun layihəsidir. Bu qanunu əvvəlki qanunla heç müqayisə etmək olmaz. Bu qanun başdan-ayağa partiyaların məhdudlaşdırılmasına yönəlmiş müddəalarla zəngindir.

Amerikanın Səsi: Fikrinizcə yeni qanunun qəbulu siyasi mübarizə mühitinə necə təsir edə bilər?

Bu qanunla real müxalifət partiyası olmaq mümkün deyil.      

Əli Kərimli: Çox pis. Bu qanunun qəbul edilməsinə biz cəmiyyət olaraq imkan verməməliyik. Əgər layihə bu şəkildə qəbul edilsə, bu, gerçəkdən də ölkədə çoxpartiyalılığı ləğv edəcək. Orada partiyaların ləğvi, fəaliyyətinin dayandırılması, partiyaların fəaliyyətinə dövlət nəzarəti üçün o qədər mexanizmlər nəzərdə tutulub ki, bu qanunla real müxalifət partiyası olmaq mümkün deyil.

Amerikanın Səsi: Qanun qəbul edilərsə Azərbaycan Xalq Cəbhəsi Partiyasının gələcək fəaliyyətinə müsbət və mənfi mənada hansı təsirləri ola bilər?

Onlar məhz Xalq Cəbhəsinin qeydiyyatının ləğv olunmasını nəzərdə tutur.

Əli Kərimli: Bu qanun layihəsi elə ilk növbədə Xalq Cəbhəsinin qeydiyyatını ləğv etmək üçün düşünülüb. Çünki qanun layihəsində nəzərdə tutulur ki, ardıcıl olaraq iki dəfə seçkiləri boykot etmiş siyasi partiyanın qeydiyyatı ləğv olunur. Qanun layihəsində çoxsaylı müdəallar var ki, onlar məhz Xalq Cəbhəsinin qeydiyyatının ləğv olunmasını nəzərdə tutur. Ona görə də hesab edirəm ki, biz hər şeyi etməliyik ki, ora gedib çıxmasın. Əgər ora gedib çıxsa, dediyim kimi həm Xalq Cəbhəsinin qeydiyyatı ilə bağlı problem olacaq, həm də ümumiyyətlə ölkədə çoxpartiyalılığa son qoyulmuş olacaq.

Amerikanın Səsi: Ölkə konstitusiyasında prezident seçilmək üçün Azərbaycanda 10 il yaşamaq, vətəndaşların səsvermədə iştirakı üçün 18 yaş həddi kimi hüquqi norma var. Amma siyasi partiya yaratmaq üçün ölkədə azı 20 il yaşamalısan və yaş həddi 20-dən çox olmalıdır. Bu nə dərəcədə doğru normadır?

Burada məqsəd xaricdə oxuyan, işləyən adamların gəlib siyasətə qoşulmasına imkan verməməkdir.

Əli Kərimli: Absurddur, absurd. Ümumiyyətlə nəzərinizə çatdırmaq istəyirəm ki, Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra heç iki il keçməmiş dövlət başçısı vəzifəsinə gəlib, İlham Əliyev isə Azərbaycana qayıdandan bir il sonra guya deputat seçilib və on il olmamış dövlət başçısı vəzifəsinə gəlib. Yəni, bu adamlar özləri Azərbaycanda son on ili yaşamaya-yaşamaya dövlət başçısı olurlar, amma 200 nəfərdən biri, yəni patiyanın qurucularından biri üçün 20 il Azərbaycanda ardıcıl yaşamaq tələb edirlər. Burada məqsəd xaricdə oxuyan, işləyən adamların gəlib siyasətə qoşulmasına imkan verməməkdir.

Amerikanın Səsi: Siyasi partiyaların üzvlərinin sayı və maliyyələşdirilməsi ilə bağlı yeni qanun layihəsindəki normalar sizi qane edirmi?

Əli Kərimli: Qətiyyən. Azərbaycan kimi balaca ölkədə partiya üzvlüyü üçün on min nəfərin tələb olunması, yəni indiki rəqəmin on dəfə artırılması və hətta üzvlük haqları, ianələrlə bağlı bütün məlumatların, yəni partiyaya ianə verən şəxslərin pasport məlumatlarını da hakimiyyətə təhvil verməlisən. Təsəvvür edin? Yəni bu qədər absurddur.

Amerikanın Səsi: Yeni qanunun qəbulunun doğuracağı siyasi nəticələr nə ola bilər?

Bu qanun qəbul ediləndən sonra siaysi mübarizə də çox çətin olacaq.

Əli Kərimli: Bu qanunun qarşısı alınmalıdır. Beynəlxalq təşkilatlar mövqe bildirməlidir. Bizim bu barədə açıq müraciətlərimiz də olacaq. Azərbaycanda çoxpartiyalılığın ləğv edilməsinə beynəlxalq təşkilatlar göz yummamalıdır. Azərbaycan cəmiyyəti etiraz etməlidir. Hər şey etməliyik ki, bu qanun qəbul edilməsin. Bu qanun qəbul ediləndən sonra siaysi mübarizə də çox çətin olacaq. Faktiki bütün real müxalifəti qanundankənar elan edəcəklər.

Ameirkanın Səsi: Son sualım belədir. Hazırda sizin yaşam tərziniz necədir? Bildirmişdiniz ki, telefonunuz, mobil telefonunuz, internetiniz qapadılıb. Hazırda vəziyyət necədir?

Saat 8-də mənim telefonlarım keçirilir. Gün ərizndə ümumiyyətlə internetim olmur. Çox təəssüf ki, faktiki ev dustaqlığı ilə müqsayisə oluna bilər.

Əli Kərimli: Eyni vəziyyət davam edir. Saat 8-də mənim telefonlarım keçirilir. Gün ərizndə ümumiyyətlə internetim olmur. Çox təəssüf ki, faktiki ev dustaqlığı ilə müqsayisə oluna bilər. Çünki ofis də yoxdur. Ölkədən çıxmaq imkanım da yoxdur. İnternet və hətta mobil telefon da sərbəst deyil. Biz bu qədər məhdudiyyət içərisində yaşayırıq. Amma görün hakimiyyət nə vəziyyətdədir ki, hətta bu cür məhdudiyyət içində yaşayan müxalifət partiyasının indi çalışır ki, ümumiyyətlə qeydiyyatını da ləğv etsin.

Amerikanın Səsi: Sizin və ailənizin qida təminatı ilə bağlı problemləriniz yoxdur?

Əli Kərimli: Yox, hələ ki, yoxdur. Hamı kimi mağazalardan alırıq, qidalanırıq. Bu qədər.

Qeyd: Bu, AXCP sədrinin fikirləridir. Rəsmi Bakı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, o cümlədən siyasi azadlıqların, seçki demokratiyasının tam təmin edildiyini, insanların əqidəsinə görə təqib edilmədiyini bidirir.