Ekologiya sahəsində fəal Cavid Qara Amerikanın Səsinə müsahibəsində son aylarda Azərbaycanda meşə yanğınlarının artmasının səbəblərindən danışıb.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə meşə mühafizəsi məqsədli şəkildə zəiflədilir.
“Xüsuslə meşə yanğınlarının mühafizə xidməti zəiflədilib. Yanğın keşikçisi deyilən bir ştat var idi. Azərbaycanda 176 meşə dolayı var. Hər dolayda azı bir yanğın keşikçisi ştatı var idi. Bu ştatlar ixtisar edilib. Bu isə 176 dolayda yanğın mühafizəsi işinin aparılmaması deməkdir. Yanğın keşikçiləri hər zaman, xüsusilə həssas zamanlarda vizual müşahidə aparırdı, yanğın baş verən zaman vaxtında müdaxilə edə bilirdi. Yanğın baş verəndə bir nömrəli iş vaxtında müdaxilədir. Vaxtında müdaxilə olunsa hətta bir nəfər belə meşə yanğınını söndürə bilir. İndi bu ştatların hamısı ləğv edilib.”
Your browser doesn’t support HTML5
Onun sözlərinə görə, meşəbəyilərin köməkçiləri ştatları və digər vəzifələr də ləğv edilib.
“Əvvəllər hər bir rayonun ayrıca meşə təsərrüfatı idarəsi var idi. Bu Azərbaycanın ümumi inzibati bölgüsü ilə üst-üstə düşürdü. Administrativ olaraq meşələrin idarə edilməsi daha rahat idi. Rayon meşə təsərrüfatının direktoru bir icra hakimiyəti başçısı, bir prokuror, bir polis rəisi, bir fövqəladə hallar nazirliyinin əməkdaşı ilə işləyirdi. İndi üç-dörd rayonun meşə təsərrüfatı idarəsini birləşdiriblər, regionallaşdırblar. İndi bir meşə təsərrüfatı idarəsinin direktoru daha böyük əraziyə, daha böyük şəxsi heyətə nəzarət etməli olur. Həmçinin bir neçə rayonun rəhbər şəxsləri ilə işləməli olur. Bu isə prosesi ləngidir. Yanğın isə bürokratiyanı sevmir, dərhal operativ müdaxilə lazımdır.”
Onun fikrincə, həm də havaların isti keçməsi, küləkli hava yanğının yayılmasını sürətləndirir.
Ekofəal Azərkosmosun məlumatlarına istinadən bildirib ki, ölkənin şimal bölgəsində təxminən 5 min hektar ərazidə yanğın olub.
“Onun 2 min hektara yaxını sıx meşə ərazisidir, qalan hissəsi isə əkin sahələri, kolluqlar və başqa ərazilərdir. 50 hektar meşə ərazisi isə Zaqatalada yanıb. Bu yanğınlar Azərbaycan meşələrinin təxminən 0,2 faizini əhatə edib,” ekspert qeyd edib.
Onun firkincə, yanmış ərazilərdə meşələr özünü bərpa edəcək.
“Bunun üçün illərlə vaxt lazımdır. Bir də həmin ərazilərə ev heyvanları buraxılmamalıdır ki, cavan pöhrələri yeməsin.”
Ekspertin qənaətincə, Azərbaycanda meşə yanğınlarının 99 faizi insan faktoru ilə bağlıdır.
“Ehtiyatsızlıqdan, qəsdi-qərəzlikdən, intiqam məqsədi ilə və sair. Məsələn, hansısa bir gözətçini, direktoru və ya başqa şəxsi işdən çıxarırlar, bunu ədalətli hesab etmir, gedib intiqam alır. Və yaxud kimi isə cərimə edirlər, gedib intiqam məqsədi ilə meşəni yandırır. Yaxud meşəni həddən artıq qırırlar sonra izi itirmək üçün meşəni yandırırlar. İnsan faktorunu azaltmaq üçün ilk növbədə korrupsiyanın qarşısı alınmaldır. Korrupsiya olan yerdə meşə mühafizəsindən söhbət gedə bilməz və yanğınlar özbaşınalığın alətinə çevrilir,” o qeyd edib.
Öz növbəsində, föqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 2-də bildirib ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır.
Onun sözlərinə görə, bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fonduna, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır.
“Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir," o qeyd edib.
Qeyd edək ki, avqust ayından başlayaraq Azərbaycanın şimal, şimal-şərq, şimal-qərb regionlarında meşə yanğınları baş verib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də hesab edir ki, yanğınların əsas səbəbi insan amili ilə bağlıdır.
“Ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün ərzində güclü küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğınları fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər," o, avqustun sonlarında ölkənin şimal bölgəsində baş verən yanğınlar zamanı deyib.