ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə regiondakı son durumu müzakirə edib

Ilham Aliyev, Antony Blinken and Nikol Pashinyan

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda telefonla danışaraq regiondakı son durumu müzakirə edib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün ofisinin açıqladığı bəyanatda bildirilir. Bəyanatda Blinkenlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti olduğu və ABŞ dövlət katibinin tərəfləri gərginliyi azaltmağa çağırdığı qeyd edilir.

“Dövlət katibi Blinken gərginliyi azaltmağa çağırıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn məsələləri həll etmək üçün Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa çağırıb,” bəyanatda bildirilir.

Dövlət katibi Blinken Twitter səhifəsində mesajında telefon söhbəti zamanı Azərbaycan prezidenti İlham Əliyevi Birləşmiş Ştatların Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında əməkdaşlığa və dialoqu təşviq etməyə hazır olduğuna əmin etdiyini bildirib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatında telefon söhbəti zamanı ABŞ dövlət katibinin bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirdiyi qeyd edilib.

Mətbuat xidmətinin bildirdiyinə görə, telefon söhbəti əsnasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət Departamentinin sözçüsünün ofisinin açıqladığı bəyanata əsasən, ABŞ dövlət katibi Antoni Blinken eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyanla da ayrı telefon söhbəti aparıb.

“Dövlət katibi Blinken baş nazir Paşinyanı ABŞ-ın Dağlıq Qarabağda və onun ətrafındakı vəziyyəti diqqətlə izlədiyinə əmin edib. O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn məsələlərin həlli üçün Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa çağırıb,” bəyanatda bildirilir.

Dövlət katibi Blinken Twitter səhifəsində mesajında telefon söhbəti zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ və ətrafındakı vəziyyəti müzakirə etdiyini və məsələlərin həlli üçün təmkin göstərməyə və Azərbaycanla birbaşa dialoqa çağırdığını qeyd edib.

Son günlərdə Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlk yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə Azərbaycanın azı bir, Ermənistanın isə iki hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın mətbuat üçün yaydığı bəyanatda ABŞ-ın Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmaları ilə bağlı xəbərlərdən dərin narahatlığı ifadə edilib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da gərginləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır,” bəyanatda qeyd edilir.