Sumqayıt şəhər İcra Hakimiyyəti Ukraynaya 50 ton humanitar yardım göndərib

İyulun 5-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Ümumi çəkisi 50 ton olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasının Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciətinə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlumatına görə, humanitar yardım ərzaq məhsulları, məişət və tibbi sərfiyyat mallarından ibarətdir.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib ki, Rusiya-Ukrayna müharibəsinin başlayandan Azərbaycan tərəfindən Ukraynaya $20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb.

“Bu sadəcə formal jest deyil, Azərbaycan təcavüzkarın hədəfinə çevrilən Ukraynanın dinc sakinlərinə kritik vacib yardım göndərir. Bura müxtəlif dərmanlar, tibbi avadanlıqlar daxildir. Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə çıxıb,” o, qeyd edib.