Accessibility links

Sumqayıt şəhərindən Ukraynaya humanitar yardım göndərilir


Sumqayıt şəhərindən Ukraynaya humanitar yardım göndərilir.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskyi öz facebook səhifəsində məlumat yayıb.

Səfir bildirib ki, Sumqayıt Ukraynaya hər cür humanitar yardımın göstərilməsinə qoşulan Azərbaycanın ilk regional mərkəzidir.

“Bu təəccüblü deyil, çünki Sumqayıt və Çerkası şəhərini çoxillik və səmimi tərəfdaşlıq birləşdirir. Burada dostluğun, qarşılıqlı yardımın nə olduğunu bilirlər. Yaxın vaxtlarda Ukraynaya saxlama müddəti uzun olan məhsulların (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlərin göndərilməsi nəzərdə tutulur. Səmimi münasibətinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, müəssisələrə və şəhər sakinlərinə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, Azərbaycanın digər şəhər və rayonları da Ukrayna üçün bu çətin zamanda köməklik göstərəcəklər,” Ukrayna səfiri qeyd edib.

Ukraynaya Azərbaycandan sonuncu dəfə aprelin 21-də humanitar yardım yola salınıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxil olub.

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən bu il Ukraynaya, eləcə də ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib.

Azərbaycanın Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.

XS
SM
MD
LG