Qarabağ Müharibəsi iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

İyunun 2-də İkinci Qarabağ müharibəsinin bir qrup iştirakçısı növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyasını keçirib.

Aksiya iştirakçılarından Qadir Cəfərovun Amerikanın Səsinə verdiyi məlumata görə, onlara hələ də əlillik dərəcəsi təyin edilməyib .

"Yenə də həll olunmayan məsələ - nə əlillik verirlər, nə sığorta. Müraciət etmədiyimiz yer qalmayıb. Papanin Hospitalında hətta qeyd edilib ki, mən bir nəfərin nəzarəti altında olmalıyam. Ayaqlarımdan qəlpə yarası almışam, başımdan kəllə-beyin travması almışam, sağ gözüm 85% görmür. Qulağım zəif eşidir" - deyə, o bildirib.

Qadir Cəfərov deyir ki, nazirlikdə onları qəbul etmirlər.

"Haqqımızı tələb edirdik, bizim problemimizlə maraqlanmırdılar. Qapıda adi vətəndaş kimi dayanmışıq, bizi qəbul edən, dinləyən yox idi. Daha sonra bizim çağırışlarımıza məhəl qoymadılar deyə qapını sındırıb girdik içəri. Qapını sındıran qazinin əlləri də kəsik- kəsik oldu, mənim də barmağım çıxıb. Üstümə qışqıra-qışqıra danışdırdılar deyə divara yumruğ vurdum , o bildirib.

Nazirliyin binasına keçən aksiya iştirakçılarından bir neçəsinin halı pisləşib. Bunu görən digər aksiya iştirakçıları qapını qıraraq içəri keçib. Hadisə yerində olan polis əməkdaşları halı pisləşənlərə yardım göstərib. Daha sonra isə Təcili Tibbi Yardım hadisə yerinə gəlib.

Daha sonra aksiya iştirakçılarının qarşısına çıxan nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır. "Qazilər nazirliyin vəzifəli şəxslər tərəfindən qəbul edilir. Bura gələn bir neçə qazini mən tanıyıram, onların əlilliklə bağlı müraciətləri olmuşdu və dəfələrlə onların hər birinə izah etmişik ki, onların sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. Buna baxmayaraq onlar bir neçə dəfə nazirliyə gəliblər və belə xoşagəlməz vəziyyət yaranmışdır".

Onun sözlərinə görə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

"Hər bir müraciətə həssaslıqla yanaşılır, qazilərin məşğulluq məsələləri, əlillik təyinatı və digər məsələlər mütəmadi şəkildə həll olunub və bundan sonra olunacaq".