İranın Gilan vilayətində türk fəal Məhəmməd Eyni həbs edilib

Məhəmməd Eyni

Gilan vilayətində türk fəal Məhəmməd Eyni yanvarın 23-də İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Eyni keçən həftə Gilan vilayətinin Rəşt şəhərində İctimai Təhlükəsizlik və Kəşfiyyat Polisinə çağırılmışdı. Güney Azərbaycan Televiziyasının (Günaz TV) yaydığı xəbərə görə, o, bazar günü həmin mərkəzə müraciət etdiyi zaman saxlanılıb.

Fəalın hansı səbəblərə görə və harada saxlanıldığı ilə bağlı məlumat yoxdur. Nəzarətə alındıqdan bəri ailəsinin onunla təmas qura bilmədiyi bildirilir.

Eyni ailəsi onun vəziyyətini öyrənmək üçün Rəşt şəhərinin təhlükəsizlik və məhkəmə qurumlarına müraciət etsə də, məsullardan heç bir cavam ala bilməyib.

Məhəmməd Eyni göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl də həbs və mühakiməyə məruz qalıb. O, 2020-ci ilin oktyabr ayında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınıb və bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı. Milli fəal daha sonra İnqilab Məhkəməsində “İslam Respublikası nizamına qarşı təbliğat” və “milli təhlükəsizliyi pozmaq yönündə fəaliyyət yürütmək” ittiham ilə mühakimə edilib.