İranda Ərdəbil-Astara yolu üzərində yerləşən və hazırda ölkənin inzibatı bölgüsünə görə Gilan vilayətinin tərkibində olan Heyran Gədiyi (aşırım) ilə bağlı mübahisələr davam edir.
Heyrən bölgəsində yerləşən kəndlərin əhalisi bir neçə gündür bölgənin Ərdəbil vilayətinə qatılması tələbi ilə bir imza kampaniyaları başladıblar. Gilan vilayətində fəaliyyət göstərən bəzi internet portalları kampaniyanın “Pantürkistlər” tərəfindən başladıldığını irəli sürürlər.
Yarı-rəsmi İLNA agentliyinə istinadən, “Heyran Gədiyi kəndlərinin bir qrup əhalisi imza kampaniyası başladaraq Daxili İşlər Nazirindən bu kəndlərin Ərdəbil vilayətinin tərkibinə daxil edilməsini tələb ediblər.”
“Karzar” saytında dərc edilən və indiyədək 7 000-dən artıq şəxsin imzaladığı petisiyada yazılıb ki, “İranda inzibati bölgü kəndlərin nahiyələrə və şəhərlərin vilayət mərkəzlərinə yaxınlığı, habelə ortaq dil və mədəniyyətə əsasən həyata keçirilir. Heyran keçmişdə Ərdəbilin tərkibində olub və Ərdəbil vilayəti ilə eyni mədəniyyəti paylaşır. Əlavə olaraq, bölgə əhalisinin sağlamlıq, məişət və xidmət işləri Ərdəbil vilayətində görülür.”
İmza kampaniyasına Gilan valisi Əsədullah Abbasidən də təpki gəlib. Kampaniyanın ixtilaf yaratmaq məqsədilə həyata keçirildiyini irəli sürən vali Heyran Gədiyinin Gilanın ayrılmaz bir hissəsi olduğunu ifadə edib.