Təbriz Universitetinin türk dili bölümü ilk məzunlarını yola salıb

2016-cı ildə təsis edilmiş Təbriz Universitetinin Türk Dili və Ədəbiyatı bölümü ilk məzunlarını yola salıb. Bölümün ilk tələbələri bazar günü məzuniyyət mərasimi keçirib.

Təbrizdə fəaliyyət göstərən “Azar Anjoman xəbər düşərgəsi” bu barədə məlumat yayıb.

“Bu İranda türk ədəbiyyatı üçün tarixi bir gündür. Çünki türk dili bölümü İran tarixində ilk dəfə olaraq 2016-cı ildə təsis edildi və bu tələbələr [İranda məzun olmuş] ilk türk ədəbiyyatı ekspertləri oldular,” Azar Anjoman-ın xəbərində dərc edilib.

İran Azərbaycanında fəliyyət göstərən mədəni fəallar “Azəri Türk Dili və Ədəbiyyatı” bölümünün rəsmi adında “azəri” sözünün qeyd edilməsi və tədrisin ümumiyyətlə “anti-türk müəllimlər” tərəfindən həyata keçirilməsini tənqid edirlər. Lakin onlar, eyni zamanda belə bir bölümün təsisinin hazırki şəraitdə önəmli bir addım olduğunu vurğulayır.