Bloq: Hansı Qərb?

  • Əsgər Möhsümoğlu

Anglosphere flags

“Cəmi dörd yaşım olanda qəzəbli kütlə ailə fermamıza hücum etdi. Anam məni səssizcə evdən qaçırtdı. Atam isə təslim olmaq fikrində deyildi. Öz fermasını və işçilərini hücumçulardan qorumağı qət etmiş ahıl kişi arıq əlləri ilə naqana güllələri doldurmağa başladı,” deyə Daniel Hannan uşaqlıq hekayəsini nəql edir. Peruda boya-başa çatmış ingilis fermerin oğlu Hannanın beynində bu olay dərin iz buraxıb – elə bir iz ki, üstündən illər keçmiş o, arxaya baxaraq baş verənlərdən dünya tarixi üçün dərs almağa çalışır. İndi Peruda az qala bir nəfər də ingilis fermer qalmayıb. “Nədənsə baş verənlər heç kimi təəccübləndirmədi. Belə görünür, hamı qəbul edirdi ki, Cənubi Amerikada mülkiyyət hüquqları möhkəm deyil, qanun aliliyi zərifdir, və mülki hökumət şansa bağlıdır. Rejimlər gəlib gedir. Konstitutsiyalar müvəqqətidir.”

Qərb deyəndə nəzərimizdə canlanan dəyərlər – seçilmiş parlament, habeas korpus, söz azadlığı, açıq bazar, azad mətbuat, istədiyin etiqada tapınmaq və onu yaymaq hüququ, andlılar məhkəməsi – bunlar hamısı əslində ingilisdilli mədəniyyətin atributlarıdır. Bu gün dünyanın dörd küncünə yayılmış dəyərləri bütövlükdə avropalıların adına çıxmaq tarixi baxımdan düzgün deyil.
Daniel Hannan

Hər halda Peru Qərb ölkəsi sayılır. Mədəniyyəti xristiandır. Hətta onu quranlar da özlərini Maarifləndirmə Dövrünün övladları hesab edirdilər. Amma bununla belə, Hannanın hekayəsindən göründüyü kimi, Perunu ABŞ və Kanada kimi başqa Yeni Dünya ölkələrindən fərqləndirən mühüm cəhətlər var idi. Burada məskunlaşan ingilisdilli mühacirlər özləri ilə bu torpaqlara mülkiyyət hüquqlarına inam, insan azadlığı və təmsilçili hökumət anlayışları gətirmişdilər. O biri tərəfdən Cənubi Amerika ispandilli mühacirlərin çıxdıqları yarı-feodal dəyərləri əks etdirməyə başladı. Şimali Amerika planetdə yaşamaq üçün ən arzuolunan məkana çevrilərək azadlıq sorağında olan milyonlarla adamı özünə cəlb etdi. Cənubi Amerika isə Tomas Hobbsun tərifini verdiyi sivilizasiyadan əvvəlki vəhşi təbiətə yaxın bir durumda qərar tutdu. Orada legitimlik heç vaxt çılpaq qüvvədən uzaq qalmırdı - ya kütlənin ya da silahlı qüvvələrin nəzarəti altında olurdu. Ömrünün böyük hissəsini ispandilli məkanda yaşamış müəllif bunları yazmaqla əsla ispandillilərə qarşı hansısa sentiment sərgiləmək fikrində deyil. “Mən ispanofiləm. İspan ədəbiyyatını, tarixini, teatrını, musiqisini sevirəm. Ömrümün ən bəxtəvər çağlarını ispandilli məkanlarda yaşamışam,” deyə Hannan oxucularını əmin edir. Onun məqsədi ispandilli, yaxud fransız, almandilli məkanları aşağılamaq yox, Qərb sivilizasiyası deyilən anlamı incələməkdir.

“Biz Qərb deyəndə nəyi nəzərdə tuturuq? İkinci Dünya Müharibəsi zamanı bu söz Nasist Almaniyasına həmin coğrafi istiqamətdən hücum edən ölkələr nəzərdə tutulurdu. Soyuq Müharibə illərində bu anlam NATO üzvlərini və onların başqa qitələrdəki müttəfiqlərini əhatə etməyə başladı.” Samuel Huntingtonun Sivilizasiyaların Toqquşması kitabına istinad edən Hannan bu anlayışın 1991-ci ildən bəri bir qədər də dəyişdiyini vurğulayır. Məşhur politoloq Qərb anlamını əsasən xristian dünyasının katolik və protestant kəsimlərinə şamil edirdi ki, onun fikrincə bu təriqətin davamçıları başqa mədəniyyətlərin davamçılarından fərqli və öz aralarında ümumi dəyərlər paylaşırlar.

Lakin Hannan Qərbin bu cür təsviri ilə razılaşmır. Onun fikrincə Qərb deyəndə nəzərimizdə canlanan dəyərlər – seçilmiş parlament, habeas korpus, söz azadlığı, açıq bazar, azad mətbuat, istədiyin etiqada tapınmaq və onu yaymaq hüququ, andlılar məhkəməsi – bunlar hamısı əslində ingilisdilli mədəniyyətin atributlarıdır. Bu gün dünyanın dörd küncünə yayılmış dəyərləri bütövlükdə avropalıların adına çıxmaq tarixi baxımdan düzgün deyil. Anqlofil publisist Mark Steyndən sitat gətirən Hannan yazır: “Kontinental Avropa bizə gözəl sənət əsərləri, simfoniyalar, fransız şərabı və başqa şeylər bəxş edib. Amma multikulturalizm fetişini kənara qoyanda aydın olur ki, özünün azadlıq və demokratiya ideallarına sədaqəti ilə tanınan siyasi Qərb yalnız bir mədəni irsdən qidalanır – dinc konstitutsional təkamül yolunu tutumuş Anqlosferdən.” 1999-cu ldən Avropa parlamentinə üzv seçildikdən bəri bu qurumda müşahidə etdiyi anti-demokratik prosedurları qeyd edən Hannan hesab edir ki, ingilislərdən fərqli olaraq əksər “Qərblilər” üçün demokratiya məqsəd yox, vasitədir. O vaxt ki, demokratiya onların vahid avrozona yaxud başqa layihəsinə zidd olur, onda demokratik qaydalar qulaqardına vurulur. Hannanın fikrincə bu, siyasi yox, əslində dərin kökləri olan mədəni fərqlərdən xəbər verir. Təsadüfi deyil ki, müstəbidlərin devizinə çevrilmiş “L’etat, c’est moi!” – “Dövlət mənəm!” deyiminin müəllifi Fransa kralı XIV Lüdoviq idi.

“Biz unuduruq ki, qanun aliliyi siyasi praktikada nadir bir şeydir. Zülm və arbitrar hakimiyyət normaya daha yaxındır. İnsan rəqabətcil varlıqdır, imkan düşən kimi başqaları üzərində ağalıq etməyə can atır. Siyasi baxımdan, Orta Əsrlərin Avropa monarxiyaları müasir Afrika kleptokratiyasından fərqlənməzdi. İnsanlar qaydaları müəyyən etmək səlahiyyəti alan kimi onları öz xeyirlərinə dəyişirlər. Öz genetik xüsusiyyətlərinə sadiq qalaraq əmin edirlər ki, onların əldə etdikləri maddi üstünlük nəvə-nəticələrinə miras qalsın. Arbitrar qüvvə, varislik, sistematik talançılıq hakim kastaların şakəri olub. Belə şeylər universal olub və hələ də bir çox cəmiyyətlər üçün norma olaraq qalır. Əsl sual o deyil ki, liberal demokratiya necə müvəffəq olub, əsl sual budur ki, necə olub ki, belə bir şey ümumiyyətlə baş verib?”

“Bizim müşahidə etdiklərimiz heyrətamiz bir fenomendir. Təsəvvür edin ki, qitənin rütubətli ucqar nöqtəsinin əhalisi qanunun hökumətə yox, hökumətin qanuna tabe olduğunu təsbit edən siyasi quruluş yaradır. Qanun aliliyi mülkiyyət və müqavilə təhlükəsizliyinə təminat verir ki, bu da öz növbəsində sənayeləşməyə və müasir kapitalizmə aparır. Tarixdə ilk dəfə olaraq elə bir sistem yaranır ki, o varisləri yox, istehsalatı mükafatlandırır. Bu sistem zamanın tələbinə uyğunlaşa bilən mexanizmdir. İngilisdillilər bu sistemi okeanlardan keçirərək bəzən kolonial idarəçilər, bəzən də vətənpərvər köçkünlər qismində qoruyub saxlayıblar. Filadelfiyada köhnə məhkəmə binasında bu sistem ən saf formasında distillə olunaraq ABŞ Konstitutsiyası kimi hal alıb.”