Prezident QHT-lər haqqında qanuna dəyişiklikləri imzalayıb

QHT Forumu

Sənəd QHT-lər tərəfindən tənqidlə qarşılanıb
Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunu imzalayıb.

Qanunun qəbulu çoxsaylı qeyri-hökumət təşkilatı tərəfinsən tənqidlə qarşılanıb və vətəndaş cəmiyyətinin fəaliyyətinin zəifləməsinə yönəldiyi qeyd edilib.

Milli Məclis 2013-cü il dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Bu dəyişikliklərdə hüquqi şəxslər üçün müəyyən edilən cərimələrin ümumi məbləği 8, fiziki şəxslər üçün isə 3 min AZN olub.

Düzəlişlər həmçinin vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Bu QHT-lər siyasi proseslər və mənəvi dəyərlərlə bağlı fəaliyyət göstərə bilməz.

Qanuna dəyişikliklər QHT-lər tərəfindən tənqidlə qarşılanıb. Çoxsaylı QHT təmsilçisi Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib və dövlət başçısına qanunu imzalamaması xahişi ilə müraciət edilib. QHT-lər beynəlxalq təşkilatların və xarici diplomatik missiyaların iştirakı ilə forum keçirib, qanunvericilikdə dəyişikliklərin yaradacağı fəsadları müzakirə edib. Vətəndaş cəmiyyəti nümayəndələri qanunlara edilmiş dəyişikliklərlə bağlı təkliflər paketi hazırlayıb Prezident Administrasiyasına təqdim edib.

Qanun layihəsi vətəndaş cəmiyyəti ilə müzakirə edilmədən parlamentin plenar iclasının müzakirəsinə təqdim edilib və müzakirədən cəmi bir gün öncə Milli Məclisin saytında yerləşdirilib.

QHT Forumuna sədrlik edən Qubad İbadoğlu bildirib ki, qanunlara edilmiş dəyişikliklər vətəndaş cəmiyyətinin fəaliyyətini ciddi məhdudlaşdıracaq.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, onun hökuməti Azərbaycanda vətəndaş cəmiyyətinin rolunu dəstəkləyir. Azərbaycan hökuməti insan hüquqları və demokratiyanı genişləndirməli, ifadə və toplaşmaq azadlıqlarını təmin etməlidir.

O, dövlət katibi Con Kerrinin fikirlərinə istinadla deyib ki, insan inkişafı vətəndaş cəmiyyətindən qaynaqlanır. “Vətəndaş cəmiyyəti hüququn və insan ləyaqətinin qorunmasında önəmlidir. Demokratiya üçün həmçinin media azadlığı və birləşmək azadlığı da mühümdür. Vətəndaş cəmiyyəti ümumi maraqlar uğrunda çalışır, hökumətin fəaliyyətini monitorinq edir, korrupsiyaya qarşı mübarizə aparır, vətəndaşlarla birgə çalışan hökumətin qurulmasında mühüm rol oynayır”, Morninqstar qeyd edib.

Səfir həmçinin hesab edir ki, bir sıra yerlərdə vətəndaşların hökumətlərlə birgə işləməsini əngəlləyirlər. “Bu qanunlara dəyişikliklər həm yerli, həm də xarici QHT-lərin fəaliyyətini çətinləşdirəcək”, o xatırladıb.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Avropa Birliyinin yeni kommunikasiya siyasətində ölkənin inkişafında vətəndaş cəmiyyətinin vacib rolu qeyd edilir. O, hökumətlə vətəndaş cəmiyyətinin dialoqunun başlanmasını vacib sayır.

“Avropa Birliyi Azərbaycan dövləti, vətəndaş cəmiyyətləri və vətəndaşlarla tərəfdaş olmaq istəyir. Çünki demokratiyanın inkişafında aktiv vətəndaş cəmiyyətinin rolu əvəzsizdir. Təəssüf ki, bəzən vətəndaş cəmiyyətinə sadəcə bir tənqidçi səs kimi baxırlar. Vətəndaş cəmiyyəti demokratiyanın özəyidir və demokratik dövlət üçün çox mühümdür”, o qeyd edib.

Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan vətəndaş cəmiyyətinə və hökumətə yardım etməyə hazır olduqlarını bildirib.

“Dövlətlə vətəndaşlar arasında daimi dialoqun olmasında vətəndaş cəmiyyəti çox mühümdür. Biz ümid edirik ki, Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə dialoq üçün gücü var. Amma təəssüf ki, indi onun fəaliyyətini məhdudlaşdıran addımlar atmaq istəyirlər”, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq qeyd edib.

Milli Məclisin deputatları düzəlişləri qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyi, onların işində şəffaflığın artırılması və ölkənin təhlükəsizlik maraqlarının qorunması ilə izah ediblər.

“QHT haqqında” qanuna əlavə və dəyişikliklərdə tətbiq edilən 7.1-1 maddəsi “xarici dövlətlərə məxsus QHT-lərin Azərbaycan ərazisində yalnız bir filial və nümayəndəlik yaratmasını” nəzərdə tutur
.
Bundan əlavə, yeni redaksiyada 7.5 maddəsində deyilir ki, “xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər, eləcə də xarici hüquqi şəxslər və xarici QHT-lərin filailları, nünayəndəlikləri tərəfindən təsis edilən QHT-lərin rəhbər müavinləri Azərbaycan vətəndaşı olmalıdır”. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.

"10.5-ci maddəyə edilən düzəlişə görə, qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradıldığı müəyyən edildikdə təşkilatın üzvlərinin iddia ərizəsi əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu QHT-nin fəaliyyəti 1 il müddətinə dayandırıla bilər.

Qanuna 30-1.1-ci maddə əlavə edilib ki, buna əasən qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bundan əlavə, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilib. Həmin düzəlişlərə əsasən QHT-lər hər 90 gündən bir reyestr məlumatlarında, o cümlədən təsis sənədlərində dəyişikliklər, təsisçilərin tərkibi, icra orqanları və təşkilat üzvləri haqqında müvafiq icra orqanına məlumat verməlidir.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə düzəlişlər edilib. Düzəlişlər sözügedən qanun pozuntularına görə konkret tədbirləri nəzərdə tutur:

223-1.4 maddə: “Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, habelə banklar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank və hər hansı digər əməliyyatların aparılmasına, həmçinin fiziki və hüquqi şəxslər tərəfindən həmin qrantların icrası üzrə müqavilələrin bağlanılması və ya digər təşkilati tədbirlərin həyata keçirilməsinə görə fiziki və ya vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.

Maddə 340-2. Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və ya nümayəndəlikləri tərəfindən təsis sənədlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılmamasına, təşkilat tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişiklikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək, qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 340-3. Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin qanunvericiliyə uyğunluğunun öyrənilməsinə maneələrin törədilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycandakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin qanunvericiliyə və nizamnamələrinə (əsasnamələrinə) uyğunluğunun öyrənilməsinə hər hansı şəkildə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək, qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 340-4. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmaması qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və ya nümayəndəlikləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların vaxtında aradan qaldırılmamasına görə vəzifəli şəxslər min manatdan iki min manatadək, qeyri-hökumət təşkilatları və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri iki min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir.

Maddə 340-5. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulması xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərilməsinə və ya buna şəraitin yaradılmasına görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.