Accessibility links

Yadigar Sadıqovun apellyasiya şikayəti təmin edilməyib


Yadigar Sadıqov (Foto Ülvi Həsənlinindir)
Yadigar Sadıqov (Foto Ülvi Həsənlinindir)

Dekabrın 17-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqovun Qaradağ rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb və şkayət təmin edilməyib.

Y.Sadıqov Qaradağ rayon Məhkəməsinin qərarını absurd adlandıraraq, “Azadlıqda ikən siyasi fəaliyyətimə görə iki dəfə məni pedaqoji fəaliyyətdən uzaqlaşdıranlar, uzun illər mənə işləməyə imkan verməyənlər həbs edildikdən sonra məni əməyə meylli olmamaqda ittiham edirlər”, deyərək, onunla bağlı bütün məhkəmə qərarlarının siyasi sifariş olduğunu bildirib.

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin Y.Sadıqovun şikayətinin təmin edilməməsi haqqında çıxardığı qərarı ənənəvi sifarişli məhkəmə qərarlarının növbətisi hesab edərək, Azərbaycan hakimiyyətindən Y.Sadıqova qarşı sərgilədiyi qərəzli münasibətdən əl çəkməyə, onu dərhal azadlığa buraxmağı tələb edir.

Yadigar Sadıqov 2013-cü il iyunun 27-də xuliqanlıqda ittiham ilə saxlanılıb. O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. 2014-cü il iyulun 22-də Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib.

Noyabrın 7-də Qaradağ rayon Məhkəməsi Yadigar Sadıqovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı müraciətini təmin etməyib. Belə ki, aldığı cəzanın 1/3-ni çəkdiyindən geri qalan cəzanın daha yüngül cəza ilə əvəzlənməsi ilə bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə müraciəti təmin etməməsini Sadıqovun saxlandığı 14 saylı Cəza Çəkmə Müəssisəsinin xarakteristikası iləəsaslandırıb. Xarakteristikada yazılıb ki, Yadigar Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur.

Qaradağ rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti isə bu gün təmin edilməyib.

Yadigar Sadıqov Amnesty İnternatioanl tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG