Accessibility links

Xədicə İsmayıl: Susmayacam


Rəssam Gündüz Ağayevin Xədicə İsmayılova barəsində karikaturası
Rəssam Gündüz Ağayevin Xədicə İsmayılova barəsində karikaturası

Jurnalist hakim ailənin onu susdurmaq istəyindən hələ də əl çəkmədiyini, mənəvi-fiziki təzyiqlərin davam etdiyini bildirir. Onun şəxsi həyatı ilə bağlı yenə gizli çəkilmiş video yayıblar

Araşdırmaçı jurnalist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl bu günlərdə yenidən şantaja məruz qalması ilə bağlı açıqlama verib. Xədicə İsmayıl Facebook səhifəsində yaydığı bəyanatında deyilir:

“İlham Əliyevin ailə üzvlərinin Panama şirkətlərini və bu şirkətlər vasitəsilə Azərbaycanda sahibləndikləri biznes barədə araşdırmam 2011-ci ilin iyununda dərc olunduqdan sonra yaşadığım evdə kamera quraşdırılmış, şəxsi həyatım həmin kamera və yerli telefon stansiyasının qovşağı vasitəsilə izlənilmişdi. 2012-ci ilin martında növbəti araşdırma üzərində işlədiyim zaman bu izləmə zamanı əldə edilən görüntülərlə məni şantaja cəhd etdilər, sonra təhdidə boyun əymədiyim üçün görüntülər internetdə yayımlandı.

Bu şantajdan sonra mən bir-birinin ardınca üç (ikisində həmmüəllif olaraq) araşdırma etdim, Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun ofşor şirkətlərlə bağlı projesində iştirak etdim, Mehriban Əliyevanın və İlham Əliyevin, eləcə də qızları Leyla və Arzunun Vircin adalarındakı şirkətlərini üzə çıxaran materialın ərsəyə gəlməsinə yardımçı oldum. Bu zaman ərzində yerli və xarici mətbuatda gedən bütün araşdırmalar və ifşaedici materiallarda mənim üzə çıxardığım faktlara istinad edilib. Ən son nümunələrdən biri İçərişəhərdə tarixi binaların dağıdılıb yerində tikilən otelin hakim ailəyə məxsus olmasını ifşa edən filmdə istifadə olunan sənədlərdir.

Mən rejimin bulaşdığı korrupsiya barədə susmamışam və susmayacağam. 2012-ci ilin martında edilən şantaj rejimin özünün əleyhinə işlədi, çünki cəmiyyət, ən liberal kəsimindən ən mühafizəkar qatlarına qədər söz azadlığının müdafiəsinə qalxdı və korrupsioner rejimin qeyri-əxlaqi metodlarına qarşı çıxdı. O zaman da, indi də bu dəstəyə görə minnətdaram.

Təəssüf ki, İlham Əliyev, Mehriban Əliyeva və onun ailəsi jurnalisti susdurmaq niyyətindən çəkilmirlər. Çəkiləcəklərini gözləmirəm də. Zatən ara-sıra mesajlarını da göndərirlər. Mənim pul, ev, imtiyaz, hətta rahat yaşamaq naminə susmayacağımı artıq anladılar. Odur ki, bacardıqlarını - mənəvi və fiziki terroru davam etdirirlər.

Nəzarətlərində olan hüquq-mühafizə orqanları və məhkəmələr şəxsi həyatıma müdaxilə və şantaj cinayətinə görə hər hansı ədalətə nail olmağımı mümkünsüz ediblər. Lakin mən bu müstəvidə mübarizəni də davam etdirirəm.

Bu günlərdə yenidən video yayımladılar. Həmin videoda 2011-ci ildə yaşadığım evdə çəkdikləri görüntülərin davamını yayıblar. Bu, mənim şəxsi həyatımdır. Nə şəxsi həyatımı ictimai müzakirəyə çıxarmaq, nə də normal insan həyatı yaşadığım üçün utanmaq niyyətim yoxdur. Bir il əvvəl olduğu kimi, indi də deyirəm: Qoy insanların yataq otağına burnunu soxanlar, xalqın malını yağmalayanlar, millətin boğazından kəsib övladlarını zənginləşdirənlər utansınlar.

Son aylarda hakim partiyaya məxsus qəzetlərdə və bu qəzetlərin redaksiyalarından idarə olunan düşük səhifələrdə yayımladıqları porno-təxribatların heç bir effekt doğurmadığını görüb, bu dəfə dostlarımın adından istifadə etməyə çalışdılar. Nəhayət, partiyaya birbaşa bağlılığı olmayan, vaxtilə rejimin qurbanı olmuş və sındırılmış qullarından istifadə edərək, tirajlamağa çalışdılar bu görüntüləri və təxribatı. Mənim o qullarla heç bir problemim yoxdur. Onların kim olduğu və kimə işlədiyi zatən bəllidir.
Hədəfi yayındırmaq, mənə qarşı ictimai qəzəbin olduğunu imitasiya etmək üçün dindarlara çağırış, islami dəyərlərə istinad etməkdən belə çəkinməyiblər. Lakin 2012-ci ilin martında mənə qarşı ilk şantaj cəhdi zamanı ölkənin dindar kəsimi hökumətin mənəviyyatsız oyunlarının iştirakçısı olmayacaqlarını, bu əxlaqsızlığa qarşı çıxmaqları ilə sübut ediblər.

Mənə olan mənəvi terrorun arxasında Mehriban Əliyeva və İlham Əliyev dayanır. Fiziki terror da ola bilər (təhlükəni şişirtməyin tərəfdarı deyiləm - hər halda belə mesaj çatdırılıb mənə). Əliyevlərdən başqa heç kimdən heç bir təhdid almamışam. Prezident İlham Əliyev şəxsən məni düşmən elan edib və özü də birtərəfli qaydada düşmənçiliyini davam etdirməkdədir.

Mən isə heç kimə düşmən deyiləm. İnsanları deyil, pislikləri hədəf alıram. Korrupsiya bəladır və ona bulaşan hər kəsi ifşa edirəm. Mənim onları ifşa etməmi istəmirlərsə, xalqın malını oğurlamasınlar.

Dəstək olduqlarına görə hər kəsə təşəkkür edirəm. Jurnalist olmağımla, bu peşəni layiqli şəkildə yerinə yetirməyimlə fəxr edirəm və üzləşdiyim terror məni doğru yoldan çəkindirməyəcək.

Bir daha bəyan edirəm, mən susmayacağam, ölkədən getməyəcəyəm və işimi davam etdirəcəyəm. Nəyin bahasına olursa olsun!”

Jurnalistin bəynatında qeyd olunanlara iqtidar rəsmiləri hələ cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG