Suriya hüquq müdafiəçiləri hökumət qüvvələrinin Ramazan bayramında nümayişçilərə atəş açaraq yeddi adamı öldürdüklərini xəbər verirlər.
Bu gün minlərlə adam yenidən küçələrə axışaraq prezident Bəşar əl-Əsədin istefasını tələb ediblər.
Yerli Koordinasiya Komitəsi bildirir ki, təhlükəsizlik qüvvələri cənubdakı əl-Harra və İdlib qəsəbələrində altı adamı, Homs şəhərində isə birini öldürüb.
Dünən təhlükəsizlik qüvvələri ölkə boyu altı nümayişçini öldürmüşdülər.
Suriya İnsan Haqları Müşahidə qrupu bazar ertəsi ən çox zorakılıqların şimali İdlib vilayətinin Saramin qəsəbəsində baş verdiyini deyir.
Bu arada Birləşmiş Ştatlar sanksiyaların Suriya xarici işlər naziri Valid Müəllimi də hədəf aldığını açıqlayıb. Yeni ölçülər Suriyanın Livandakı səfiri Əli Əbdül Kərim Əli və prezident müşaviri Butayna Şaabanla biznes etməyi qadağan edir.