Məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdə Yunuslar ailəsinin Bakıda, Praqada və Antalyadakı evlərinin də müsadirə edilməsi əksini tapıb.
***
Hüquq müdafiəçiləri Leyla və Arif Yunusların məhkəməsi ətrafında dramatik hadisələr final mərhələyə çatıb. Avqustun 13-də vəkillər, sonra isə Leyla və Arif Yunuslar son sözlə çıxış ediblər. Baş verənlərdən məlum olub ki, məhkəmə qərar çıxarmağa tələsir.
Əvvəl olduğu kimi, bu dəfə də zal məhkəmə və Penitensiar Xidmətin işçiləri ilə dolu olub. Yalnız üç xarici diplomat və 1-2 müstəqil jurnalist zala keçə bilib.
Vəkillər Ramiz Məmmədov, Əfqan Məmmədov və Elçin Qəmbərov irəli sürülən ittihamları qəti şəkildə rədd ediblər.
Əsasən dələduzluq, vergidən yayınma, mənimsəmə, sui-istifadə kimi ittihamlar məhkəmə prosesində öz sübutunu tapmayıb.
“Nəinki cinayət tərkibi, heç cinayət obyekti də yoxdur”, vəkil R.Məmmədov qeyd edib.
Qrantlardan qanunsuz istifadə və vəsaitlərin mənimsənilməsi, pulların bir hesabdan digərinə qanunsuz olaraq köçürülməsi, qrantların qeydiyyata alınmaması və dələduzluq barədə istintaqın fikirləri Azərbaycan qanunun müddəalarına ziddir. Əgər istintaq bu cür pozuntuları görmüşdürsə, niyə L.Yunusun fəaliyyətinin son illərinə toxunur, axı o, 20 ildir ki, donor qrantlarını həyata keçirir?
“Bu ölkədə qrant alanların hamısı “analoji cinayətlər” törədiblər, niyə ancaq Leyla və Arifi həbs edirlər?”, vəkil sual edib.
O həmçinin vergi ödənişindən yayınma ittihamını əsassız adlandırıb. Qrantlar qeyri-hökumət təşkilatlarına verilir. Bu, Azərbaycanın dövlət büdcəsindən pullar deyil. Əgər qrantı fiziki şəxs həyata keçirirsə necə olur ki, hüquqi şəxs üçün vergi qoyuluşu nəzərdə tutulur? Niyə bu yoxlamaları Azərbaycan Maliyyə Nazirliyi həyata keçirir?
Krizis Mərkəzinin reallaşdırdığı qrantlar da L.Yunusun adına çıxılıb. Soros Fondu, Marşal Fondu və NED-in timsalında donorlar özləri bildirdilər ki, bu layihələrin L.Yunusa aidiyyatı yoxdur və donorların da icraçılara iradı yoxdur.
Pul vəsaitlərinin mənimsənilməsi ittihamları da gülüncgür. İstintaq Leyla və Arifin öz hesablarından pul köçürmələrini və ya hesabda böyük məbləğdə pul saxlamalarını mənimsəmə hesab edir. Burada pozuntu və ya cinayət yoxdur. Pulların mənşəyinə gəlincə, 170 min manat L.Yunusun sökülən evinə görə verilən kompensasiyadır. Bundan əlavə, Ali və Apellyasiya məhkəmələrinin bunu təsdiqləyən qərarları var.
Vəkil R.Məmmədov bütün bunları nəzərə alaraq bütün maddələr üzrə L.Yunusa bəraət verilməsinə çağırıb.
Vəkil Elçin Qəmbərov qeyd edib ki, L.Yunusun və onun həyat yoldaşının həbsinin əsl səbəbi onların ictimai-siyasi fəaliyyəti, siyasi məhbusları, vicdan məhbuslarını müdafiə etmələri ilə bağlıdır.
Hakimiyyət narıncı inqilabdan qorxur və düşünür ki, hər yerdə onları qeyri-hökumət təşkilatları Qərb donorlarının vəsaitləri hesabına həyata keçirirlər. Necə olur ki, insan haqlarının müdafiəsi dövlət əleyhinə fəaliyyət sayılır? Bütün bu illər ərzində Sülh və Demokratiya İnstitutu ozbaşınalıq və zorakılığın qurbanı olan yüzlərlə insana yardım edib.
Leyla və Arifin 11 və 9 il müddətinə mühakimə edilməsi barədə prokurorun təklifinə gəlincə, vəkil bunu “ölüm hökmü” adandırıb. Yaşlı və xəstə adamlar üçün bu, açıq-aşkar ölüm hökmüdür.
A.Yunusun vəkili Əfqan Məmmədov da qeyd edib ki, Arifə qarşı ittihamların hamısı saxtalaşdırılıb. Heç bir şahid, heç bir fakt onun hüquq pozuntusuna yol verdiyini təsdiqləmir. Bundan əlavə, ittiham şahidləri və zərərçəkənlər özlərini belə hesab etmədiklərini bildiriblər.
İstintaq onu 7 bank hesabının olmasında ittiham edir. Amma bu, absurddur, burada qanuna zidd nə var ki? “Odur ki, xahiş edirəm Arif Yunusa bəraət verilsin”, vəkil qeyd edib.
Fasilədən sonra hakim müttəhimlərə son söz verib.
L.Yunus öz vəkillərinin xidmətlərini qeyd edib. O deyib ki, son bir il yarım ərzində hakimiyyət onun dörd vəkilini işdən kənarlaşdırıb. Bunu ona görə ediblər ki, vəkillər mənim hüquqlarımın pozulması, təcridxanada mayor Yaqubov və başqaları tərəfindən zorakılıq və qanunsuzluğa məruz qalmam barədə mətbuata məlumat verirdilər”, o bildirib.
“Azərbaycanda 19-cu əsrin və 20-ci əsrin 30-cu illərinin faşizm ab-havası hökm sürür. Prokurorlar o qədər küt və axmaqdırlar ki, ittihamları necə gəldi qondarırlar. Məhkəmədə bank nümayəndələri çıxış edərək bildirdilər ki, bizim hesablarımız qanunidir və heç bir pozuntu olmayıb. Lakin bu savadsız prokuror indiyədək bilmir ki, Leyla Yunusun ayrıca hesabı yoxdur, bizim Ariflə ümumi hesabımız var və bir-birimizə pul köçürürük, o cümlədən xaricdə də birgə hesabımız. Bunun nəyi cinayətdir?
Bank nümayəndələri onu da qeyd ediblər ki, 10 il ərzində bizim hesablarımızda qanunsuz əməliyyatlar olmayıb.
Rəna Səfərəliyeva çıxış etdi və mənimlə əməkdaşlıq nəticəsində ona maddi ziyan dəyməsi barədə fikirləri təkzib etdi.
Mən xoşbəxtəm ki, belə həyat yoldaşım var. Əgər bu həyatı yenidən yaşamalı olsaydım, bu əziyyətlərdən yenidən keçməli olsaydım, yenə də Leylanı özümə həyat yoldaşı seçərdim. Mən fəxr edirəm ki, o, indi, həyatımın ağır günlərində də mənim yanımdadır. Bizim günahımız odur ki, ölkəni yaxşılığa doğru dəyişmək istəmişikArif Yunus
Sənədlərin saxta olması barədə ittihamlar hansı əsaslarla irəli sürülüb? Mən nəyi və harada saxtalaşdırmışam. Biz qrantların hesabına seminarlar, konfranslar keçiririk, kitablar nəşr edirik, hüquqi məsləhətlər veririk”, L.Yunus bildirib.
Sonra o, hakimiyyəti prosesi qapalı keçirməkdə ittiham edib.
“Siz bizim sözlərimizdən qorxursunuz. Qorxursunuz ki, adamlar ölkədə baş verənlərdən xəbər tutar. Ölkədə faşist rejimi və quldurlar dəstəsi hökm sürür. Ona görə siz bizə ölüm hökmü verirsiniz. Ancaq bu və bizim digər yoldaşlarmızın məhkəmələri tarixi məhkəmədir”, L.Yunus vurğulayıb.
A.Yunus son sözünü söylərkən öz vəkillərinə və həyat yoldaşına təşəkkürünü bildirib.
“Mən xoşbəxtəm ki, belə həyat yoldaşım var. Əgər bu həyatı yenidən yaşamalı olsaydım, bu əziyyətlərdən yenidən keçməli olsaydım, yenə də Leylanı özümə həyat yoldaşı seçərdim. Mən fəxr edirəm ki, o, indi, həyatımın ağır günlərində də mənim yanımdadır. Bizim günahımız odur ki, ölkəni yaxşılığa doğru dəyişmək istəmişik. Və bizi hər zaman buna görə təqib ediblər. 1987-ci ildə mən ilk dəfə Qafandan (Ermənistan) olan qaçqınların taleyindən yazarkən məni dindirdilər, ittiham etdilər. Biz Xocalı faciəsindən yazdıq, danışdıq. Bizim sayəmizdə bu məlumatlar dünyaya yayıldı. Biz heç zaman çətinlikdən qorxmadıq və bir səbəbdən mühacirətdən imtina etdik – bura bizim ölkəmizdir, xaricdə rahat həyat naminə onu ata bilmərik. Bu məhkəmədə bizə nəinki cəza, həm də işgəncə verirlər. 240-120 təzyiqi olan adamı necə dindirmək olar? Ayaqda güclə dayanıram, özünüz görürsünüz. Budur sizin Avropa standartlarınız?
Mən tarixçiyəm, hər şeyin müvəqqəti və nisbi olduğunu yaxşı bilirəm. Hakimiyyət bizi həbs etməklə bizi tarixə yazdı və siz hakimlər və prokurorlar da bu tarixə düşürsünüz. Bunu unutmayın”, A.Yunus bildirib və huşunu itirib.
***
Məhkəmədə Leyla və Arif Yunuslar son sözlə çıxış ediblər.
Leyla Yunus son sözündə özünü təqsirli bilmədiyini, ittihamları qəbul etmədiyini açıqlayıb.
Arif Yunus da son sözündə özünü təqsirli bilmədiyini elan edib. O, səhhətində problemlər olduğunu, hipertoniyadan əziyyət çəkdiyini, indiyə qədərki fəaliyyətindən peşman olmadığını bildirib.
Çıxışın sonunda Arif Yunusun səhhətində problem yaranıb.
Günün sonunda məhkəmənin hökm çıxaracağı gözlənilir.
***
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə bu günkü məhkəmə prosesində vəkillərin yekun çıxışları olub.
Onlar hər iki müttəhimə bəraət verilməsini xahiş ediblər. Bundan sonra müttəhimlər son sözlə çıxış etməlidilər. Lakin A.Yunusun vəziyyətinin qəflətən pisləşməsilə əlaqədar iclas yarımçıq qalıb. Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasının həkimi çağırılıb.
Fasilədən sonra məhkəmə iclası yenidən davam etdirlib. Maraqlıdır ki, Arif Yunusun səhhətində problemlər olmasəna baxmayaraq məhkəmə fasilə elan etmədən işini davam etdirir.
Bu gün yenə müstəqil mətbuat nümayəndələri və vətəndaş cəmiyyəti fəalları məhkəmə zalına buraxılmayıb. Yalnız bəzi səfirliklərin təmsilçiləri və müttəhimlərin bir neçə qohumu içəri buraxılıb.
Bundan öncə prokuror L.Yunusun 11, A.Yunusun 9 il müddətinə həbs olunmasını istəyib. Onlar iqtisadi cinayətlərin törədilməsində günahkar bilinirlər. Lakin Leyla və Arif Yunuslar ittihamların siyasi sifarişli olduğunu bildirirlər.