Sentyabrın 6-da vəkil Anar Qasımlı Bakı İstintaq Təcridxanasında saxlanılan vicdan məhbusu İntiqam Əliyevlə görüşüb.
Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisinin yaxınları bildirib.
İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.
Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətiimkan tədbiri seçib.
“Amnesty International” hesab edir ki, həbs birmənalı şəkildə İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır.
“Amnesty International” onu “vicdan məhbusu” elan edib.
Yaxınlarının dediyinə görə İstintaq Təcridxanasının əməkdaşları yenidən onun vəkilinə təqdim etmək üçün hazırladığı yazışmaları senzuraya məruz qoyublar.
İ.Əliyevə Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının rəhbərinə ünvanladığı müraciətin vəkilinə təqdim olunmasına icazə verilməyib.
Hüquq müdafiəçisinin müraciəti təcridxanada məhbusların yazışmalarına, o cümlədən onlara daxil olan dəstək məktublarına, sənədlərə, ədəbiyyata qoyulan qanunsuz məhdudiyyət, təqsirləndirilən şəxslərin istintaq otağında görüşlər zamanı vəkillər və digər məhbuslarla ən adi ünsiyyətinin (salamlaşma, hal-əhval tutma) qarşısının kobudluqla alınması barədədir.
Müraciətdə həmçinin bildirilir ki, kameralarda 24 saat ərzində işıq yanır, məhbuslar təcridxananın ərzaq köşklərindən aldıqları, o cümlədən, evdən onlara gələn ərzağın saxlanması və onların normal qida üçün yararlı vəziyyətə gətirilməsi üçün zəruri avadanlıqlarla (soyuducu, qızdırıcı) təmin olunmayıb.
Eləcə də təcridxananın qəbul otağında dustaqlara yemək gətirən insanlarla qeyri – etik davranışa yol verilir, onlara qanunsuz tələblər irəli sürülür, prokurorluğun əməkdaşlarından fərqli olaraq, dustaqlarla görüşə gələn vəkillərin daha ciddi yoxlamalara məruz qalır; onlardan müdafiə etdikləri şəxslərlə bağlı sənədlərin olduğu flaş-disklər alınır və s.
Müraciətin həm İntiqam Əliyev, həm də vəkillərinin imzalaması və ünvanlarına təqdim olunması nəzərdə tutulurdu.
İstintaq otağında nəzarəti həyata keçirən əməkdaşlar müraciətin mətni ilə tanış olduqdan sonra orada İstintaq Təcridxanası ilə məsələlər olduğu üçün onu mütləq rəhbərliyə göstərməli olduqlarını bildiriblər.
İ.Əliyevin və vəkilinin təqsirləndirilən şəxslərin vəkili ilə yazışmalarına, o cümlədən şikayət, ərizə və müraciətlərinin senzuradan keçirilməsinə qanunvericiliyin qadağan etməsi ilə bağlı etiraz etsələr də, sənəd onun məzmunu ilə “rəisin tanış olması üçün” aparılıb.
Sonra İ.Əliyevə bildirilib ki, “rəis” sənədin vəkilə təqdim olunmasına icazə verməyib, onu yalnız İ.Əliyev özü Təcridxana vasitəsilə göndərə bilər. Bu cür qanunsuz qərarı verən rəisin kimliyi ilə bağlı suala əməkdaşlar cavab verməkdən imtina ediblər.
İ.Əliyevin və vəkili A.Qasımlının təkidli tələblərindən sonra Təcridxananın rəis müavini İntiqam Əliyevi qəbul edib.
Ona bildirilib ki, bu cür şikayətlər yalnız Təcridxana vasitəsilə göndərilə bilər, onların vəkilə təqdim olunması və ya vəkillə birlikdə şikayətin göndərilməsinə qanunla yol verilmir.
Hüquqşünaslar bu yanaşmanı qanunsuz sayırlar
A.Qasımlı baş verənləri həm İ.Əliyevin hüquqlarının, həm də özünün müdafiə hüququnun pozuntusu kimi qiymətləndirir.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə görə, tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər.
Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.
Həmin qanunun 18-ci maddəsində deyilir ki, tutulmuş və ya həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan aidiyyəti üzrə göndərilir.
Bu təkliflər, ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir. Tutulmuş və ya həbs edilmiş şəxslər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər.
Belə təqiblərə yol vermiş şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İntiqam Əliyev isə baş verənlərlə bağlı bunları deyib
“Təəssüf ki, sərt senzura şəraitində ölkədə baş verənlərə, o cümlədən, həm özümün, həm də əqidə dostlarımın həbsi ətrafında münasibət bildirmək çətin olur. Son illər baş verən həbslərin arxasında Azərbaycanı feodal qaydaları ilə idarə olunan ölkəyə çevirmək cəhdi dayanır. Bu həbslər toplumu qorxutmamalıdır. Onlara həm də mübarizənin bir üsulu kimi baxmaq lazımdır. Leylanın, Anarın, Rəsulun, Bəşirin, Zaurun, Rəşadın, Rəşadətin, Üzeyirin, İlkinin, Ömərin, Məmmədin, Seymurun və digər məhbusların bir-birləri ilə nəinki salamlaşmalarının, hal-əhval tutmalarının, hətta bir-birilərini görmələrinin qarşısının alınması qorxunun göstəricisidir. Həbslərlə toplumun gözünü qorxutmağın mümkünlüyünə ümid edənlər yanılırlar. Ola bilər ki, toplumda müəyyən çaşqınlıq yaratsın, amma ram etmək mümkünsüzdür.
Azadlıqda olanda dostların məhkəmə proseslərinə gedəndə onların üzünə baxmaq çox çətin olurdu. Ölkənin ən dəyərli insanlarının günahsız olduqları halda həbsdə qalmaları, onların azadlıq haqqını təmin etməkdə gücsüzlüyünü dərk etmək ağır hissdir. Sonuncu dəfə dəyərli dostum Qurban Məmmədovun məhkəməsində bu hissi keçirmişdim. Növbəti qanunsuz hökmdən sonra məhkəmə zalını tərk edəndə o sual dolu baxışlarını heç zaman yaddan çıxarmaram.
İndi rahatam. Həbsdəyəm, dostlarımla bir yerdəyəm. İndi onları görəndə gözlərinin içinə düz baxa bilirəm. İndi onlara nəsə deməkdə az-çox haqqım olduğunu düşünürəm.
Dostlar, sizləri sevirəm, sizlərlə qürur duyuram. Qarşıda gözəl günlər gözləyir bizi”.
İ.Əliyevin digər vəkili Əlaif Həsənov da Bakı İstintaq təcridxanasında müdafiə etdiyi şəxslə görüşündə yazışmaların senzurası ilə qarşılaşıb.
“Qanunvericilik bu cür yazışmaların senzuradan keçirilməsini qadağan edir, hə dəfə nəzarətçilər onları oxuyurlar, son bir neçə gün isə “rəisə göstərmək” adı ilə onları adını söyləməkdən imtina etdikləri vəzifəli şəxsə oxumaq üçün aparırlar.
Həmçinin L.Yunus və İ.Əliyev vəkillərlə görüş üçün gətiriləndə onların hətta bir-birlərini görə bilməmələri üçün ciddi tədbirləri görülür.
İ.Əliyev baş verənlərlə bağlı münasibətini belə açıqlayıb: “Biz sözümüz olanda, onu açıq deməyə öyrəşmiş insanlarıq, baş verənlər iyrənc görünür“.
Siyasi məhbusların həmçinin ədəbiyyat, mətbuat və onlara daxil olan məktublar, yazışmalara çatımlığında qanunsuz qadağaları qalmaqdadır.
Vəkillər məhkəməyə bu məsələlərlə bağlı, birgə şikayətin qaldırılmasının mümkünlüyünü müzakirə edirlər”-vəkil bildirib.
Bununla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimiayyətlə əlaqələr mərkəzindən şərh almaq hələlik mümkün olmayıb.
Bir neçə gün əvvəl isə Ədliyyə Nazirliyi Penitensiar xidməti mediaya müraciətində bildirib ki, tabeliyində olan müəssisələrdə saxlanılan bütün şəxslər qanunvericilikdə nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər.
“Təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub”, Penitensiar Xidmətin ictimiayyətlə əlaqələr mərkəzi bildirib.