ABŞ və Avropanın istefa tələblərinə baxmayaraq, Suriya fəalları deyir ki, prezident Bəşar Əl-Əsədin hökuməti nümayişçilərə qarşı zorakılıqları davam etdirir.
Fəalların sözlərinə görə, Suriya təhlükəsizlik qüvvələri dünən gecə Homs şəhərində odlu silahdan atəş açaraq bir nəfəri öldürüb. Homsda bu gün atəş səsləri eşidilib. Bu gün cümə namazından sonra nümayiş təşkilatçıları daha geniş aksiyaların keçirilməsinə çağırıb.
Qeyd edək ki, iki gün öncə cənab Əsəd BMT baş katibi Ban Ki Muna ordu və polis qüvvələrinin əməliyyatları dayandırdığını demişdi.
ABŞ Əsəd hökumətini mart ayından başlayan nümayişlər zamanı 2000-dən çox insanın öldürülməsində cavabdeh bilir. Dünən prezident Obama cənab Əsədi istefaya çağıran bəyanat açıqlayıb. Bu, ABŞ prezidentinin Suriya prezidentinə dair ilk istefa çağırışı olub.
Avropa Birliyi, Böyük Britaniya, Fransa, Almaniya və Kanada da cənab Əsədi istefa verməyə çağırıb və Birliyin xarici siyasət üzrə rəhbəri Katerin Aşton deyib ki, o, tam olaraq legitimliyini itirib.