Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana və Azərbaycana səfər edib.
Azərbaycan prezidenti ilə görüşdə cənab Lavrov bildirib ki, Kazan şəhərində keçirilən müzakirələrin nəticəsi olaraq münaqişənin həlli ilə bağlı Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentlərinə müraciət hazırlayıb. Nazir Rusiya prezidentinin müraciətini prezident Əliyevə təqdim edib.
Turan Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Bakıdan öncə Yerevanda olub, Ermənistan xarici işlər naziri Eddvard Nalbandyan və prezident Serj Sarkisyanla görüşüb.
Ermənistan mediasının məlumatına görə, nazir Edvard Nalbandyan cənab Lavrovla görüşdə deyib ki, əgər Azərbaycan Kazanda üçtərəfli görüş zamanı etdiyi 10 düzəlişi geri götürsə, Dağlıq Qarabağ nizamlanmasına dair əsas prinsiplərin razılaşdırılması üzrə irəliləyiş mümkündür.
Öz növbəsində, Kazan görüşündən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov erməni tərəfini yeni şərtlər irəli sürməkdə ittiham edib.
Amma, tərəflər düzəlişlərin və yeni şərtlərin nədən ibarət olmasını açıqlamayıb.
Bununla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev dövlət başçılarının Soçi və Kazan görüşünədək münaqişənin nizamlanmasının baza prinsiplərini özündə əks etdirən yenilənmiş Madrid sənədini qəbul etdiyini bildirib. Amma, Ermənistan tərəfi sənədi qəbul edib-etmədiyini birmənalı bəyan etməyib.
Xatırladaq ki, iyunun 24-də Kazanda Rusiya prezidentinin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplər haqda razılıq əldə olunmadan başa çatıb. Bundan öncə isə, hər üç prezident martın 5-də Soçidə görüş keçirib.
Kazan görüşündən sonra, ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtkenin (ABŞ) birgə bəyanatında qeyd edilir ki, tərəflər Baza Prinsipləri üzrə yekun razılıq əldə etməsələr də, irəliləyiş olub. “Tərəflərin danışıqlara davam edəcəklərini təsdiq etmələri də daxil olmaqla, Kazan görüşünün nəticələri hər iki tərəfin qəbul edilmiş prinsiplər əsasında mümkün qədər tez bir zamanda razılığa gəlmələri üçün şərait yaradır. Qalan fikir ayrılıqları tərəflərə Baza Prinsiplərinin təsdiq edilməsinə və sülh prosesinin saziş hazırlanması mərhələsinə keçidinə mane olmamalıdır”.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna bildirib ki, hazırda tərəflər arasında razılaşdırılmamış əsas məsələ referendumla bağlıdır. “Ermənistan tərəfi təkidlə referendumun vaxtının dəqiqləşdirilməsini istəyir. Azərbaycan isə problemin paket halında aşağıdakı ardıcıllıqla həllini istəyir: Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən qoşunlarını çıxarır; Azərbaycanın ərazi bütövlüyün tanıdığını bəyan edir; İki dövlət arasında kommunikasiyalar bərpa edilir, yollar açılır; İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir; Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun əhalisi doğma yurduna qaytarılır; Bundan sonra Dağlıq Qarabağın azərbaycanlı əhalisi doğma yurdlarına dönür; Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı vətəndaşlar arasında etimad yaradılır; Dağlıq Qarabağın statusunun müzakirəsinə başlanır”.
Prezident Əliyev Azərbaycanın Dağlıq Qarabağa dünyada mövcud olan ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan edib. Dövlət başçısı Tirol modelinin adını çəkib.
Politoloq Elxan Şahinoğlunun dediyinə görə, Ermənistan Azərbaycanın muxtariyyətlə bağlı təşəbbüsünü qəbul etmir və müxtəlif diplomatik fəndlərdən istifadə edərək Dağlıq Qarabağın müstəqilliyinə çalışır. “Soçi və Kazan görüşlərindən sonra səslənən bəyanatlar həm də, Rusiyanın Ermənistanın mövqeyini müdafiə etdiyini göstərir. Belə ki, Azərbaycan artıq dəfələrlə ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətinin olduğunu və Amerika tərəfinin münaqişənin həllində səylərini artırmağının vacibliyini qeyd edib”. Politoloq hesab edir ki, yaxın zamanlarda tərəflərin baza prinsipləri ilə bağlı razılığa gələcəyi mümkün deyil. “Hazırda razılaşdırılmamış məsələlər az qalıb. Amma, bunlar münaqişənin həlli üçün həlledicidir. Belə ki, Azərbaycan konstitusiyasında ölkənin hər hansı bölgəsində ayrılıqda referendum keçirilməsi nəzərdə tutulmayıb. Bunun üçün ilk öncə, konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməlidir. Bu referendumu isə ölkə əhalisi qəti şəkildə dəstəkləməyəcək. Azərbaycan hakimiyyəti üçün ən yaxşı variant Madrid sənədini ictimaiyyətin müzakirəsinə təqdim etmək olardı”, - deyə o qeyd edib.