Respublikaçı prezidentliyə iddialılar İllinoys ştatında martın 20-də keçiriləcək praymeriz ərəfəsində kampaniya aparırlar. Respublikaçılar artıq bir müddətdir ki, seçkilərdə Barak Obama ilə üzləşəcək namizədi müəyyən etmək üçün yarışlar keçirirlər. Hərçənd ki, seçicilərin böyük kəsimi İllinoys ştatının ən böyük şəhəri Çikaqoda cəmləşib, ştatın daha mühafizəkar ərazilərinin sakinləri Respublikaçı namizədin müəyyənləşməsində böyük rol oynayırlar. İqtisadiyyat və hökumət xərcləri hazırda seçiciləri düşündürən başlıca məsələlərdir.
İllinoysun Pontiak şəhərində kiçik dükan sahibi Con Siyer kompüterləri düzəltməklə məşğul olur. O, biznesini bir başlıca prinsipə əsasən işlətdiyini deyir.
“Defisit ola bilməz. Nə var onu götürürsən, nə var onu xərcləyirsən, yoxdursa xərcləmirsən. Bu, normal məntiqdir.”
Siyer deyir ki, büdcəsində 11 milyard dollar kəsir olan İllinoys hökumətində normal məntiq çatışmır.
Respublikaçı prezidentliyə namizədlər bütün ştat boyu kampaniya keçirdikcə İllinoysun ştat büdcəsi və federal hökumət xərcləmləri Siyer və onun xanımı Eymi kimi adamları narahat edən başlıca məsələlərdir.
“Biz narahat oluruq, çünki anlamırıq ki, daha çox pul xərcləməklə vəziyyəti necə yaxşılaşdırmaq olar. Biz vətəndaş olaraq borclarımızı ödəyirik və hökumətin də eyni cür hərəkət etməsini istəyirik.”
Rəy sorğuları göstərir ki, Massaçusets qubernatoru Mitt Romni sabiq senator Rik Santorumdan irəlidə gedir. Hərçənd ki, Romni mötədil Çikaqo Respublikaçılarının əksəriyyətinin dəstəyini qazanacaq, Santorumun 12 min əhalisi olan Pontiak kimi şəhərlərdə daha yaxşı göstəricilər əldə edəcəyi gözlənilir.
Əvvəlki yarışlarda Santorum sosial məsələlərə daha çox diqqət ayırıb və onun abort əleyhinə çıxması Romni üzərində ona üstünlük bəxş edib.
Amma Con Siyer İllinoysda məsələnin fərqli olduğunu deyir.
“Onlar mühümdür, amma zənnimcə büdcə məsələləri daha mühümdür.”
Cim MakKonnohi mərkəzi İllinoisda iqtisadiyyatı stimullaşdırmağa çalışan Heartland Partnership şirkətinin rəhbəridir.
“Fikrimcə, sosial məsələlər müəyən əhəmiyyət kəsb edir, amma hamı qonşularının işə getməsini və övladlarının iş tapmasını görmək istəyir.”
Con və Eymi Siyer hesab edirlər ki, Rik Santorum bu suallara ən yaxşı cavab verən namizəddir və istəyirlər ki, o, ölkənin iqtisadiyyatını sahmana salsın, və Sierlərin kompüter bizneslərini davam etdirmələrinə şərait yaratsın.
İllinoys Respublikaçılıarnın çoxluğunun nə düşündüyü isə praymerizin sonunda bəlli olacaq.