Denverdən 15 kilometr aralıda, Morrisson şəhərində müxtəlif növ konsertlərin keçirildiyi açıq hava amfiteatrı var. Kolorado səfərimiz zamanı bu yerə baş çəkməyə bilməzdik. 2000 metr hündürlükdə, Red Rocks Parkda yerləşən bu amfiteatrda 10 min insan canlı musiqidən həzz ala bilər.
Bilirsiniz ki, dünyada açıq havada fəaliyyət göstərən konsert məkanları həddindən artıq çoxdur. Lakin bu məkan özünün unikal akustikası ilə hər il yüzlərlə musiqiçini və yüz minlərlə musiqi həvsəkarını cəlb edir.
20-ci əsrin əvvəlləri naşir və biznesmen Con Brisben Uolker Red Rocks dağlarının akustik mühitində konsertlərin keçirilməsini arzulayırdı. Daha öncəki dövrlərdə Ute qəbiləsi ənənəvi tədbirlərini bu məkanda keçirirdi. Tədqiqatçılar bu təbii amfiteatrın 200 milyon il ərzində formalaşdığı qənaətinə gəliblər. Uolker daha sonra bu məkanı Denver şəhərinə 54 min dollara satır və bununla amfiteatra daha çox sərmayə qoyulur.
Tanınmış opera müğənnisi Mari Qarden 1911-ci ildə Red Rocks Amfiteatrında konsertlə çıxış etməklə, buranın adını dünyanın musiqi xəritəsinə yerləşdirdi. Bununla da Red Rocks müxtəlif konsert turları təşkil edən insanların mütləq diqqətdə saxladığı yerə çevrildi.
Xeyli tanınmış musiqiçi və ya qrup burada konsertlə çıxış edib. Məsələn, U2, Depeche Mode. Amma yəgin ki, aralarında ən məşhuru 1964-cü ildə olan konsert idi. O zaman bu səhnədə Beatles çıxış edirdi.
Beatles-in buradakı konserti 1964-cü il ABŞ turu zamanı bütün biletlərin öncədən satılıb bitdiyi yeganə konsert idi. Həmin konsert şəhərin tarixində ən yaddaqalanlardan biri oldu. Hətta qrupun üzvü Rinqo Star 2000-ci ildə burada çıxış edərkən, auditoriyadan 36 il öncə keçirilən konserdə kiminsə iştirak edib-etmədiyini soruşdu.
Müasir konsert təşkilatçıları daha mürəkkəb infrastruktur tələb etdiyindən, bu məkan vaxt getdikcə böyük konsert turlarının, adlı-sanlı musiqiçilərin diqqətindən kənarda qalmağa başladı. Amma, buna baxmayaraq, amfiteart yerli musiqi həvəskarları üçün açıqdır və hələ uzun zaman özünün təbii akustikası ilə dinləyiciləri cəlb etməkdə davam edəcək.