Accessibility links

Milli Şura Rauf Mirqədirovun qeyd-şərtsiz həbsdən azad edilməsini tələb edir


Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb
Rauf Mirqədirov :İndiyədək mənə heç bir təzyiq olmayıb

Qurum Baş Prokurorluq və MTN-nin jurnalistlə bağlı məlumatının gülüş doğurduğunu bildirir

Milli Şura Ermənistan təhlükəsizlik orqanlarını etibarlı mənbə hesab edərək öz vətəndaşını vətənə xəyanətdə ittiham edən Azərbaycan hakimiyyətinin addımını qətiyyətlə pisləyir, Rauf Mirqədirov başda olmaqla bütün siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan jurnalist Rauf Mirqədirov haqqında yaydığı məlumatla bağlı bəyanatında deyilir.

Baş Prokurorluq və MTN-nin məlumatında qeyd edilir ki, jurnalist Rauf Mirqədirov ölkədəki ictimai-siyasi vəziyyət, sənaye, enerji, hərbi-texniki sahələrlə bağlı informasiyalar, hərbi hissələrin, aerodromların və digər mühüm dövlət əhəmiyyətli obyektlərin yerləşmə sxemi və fotoşəkillərindən ibarət dövlət və hərbi sirr təşkil edən materialları düşmən tərəfə ötürüb.

Milli Şura bildirir ki, indi nə Birinci, nə İkinci dünya müharibələri dövrü deyil və onların sadaladıqları “dövlət sirlərinin” hamısı açıq informasiyalardır və müxtəlif internet saytlarında var.

“Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına istinadən Mirqədirov haqqında yaydığı “ifşaedici” açıqlama təəssüf və gülüş doğurur. Bu məlumatlar həbsdə olan jurnalistin təqsirsizlik prezumpsiyası ilə yanaşı onun digər hüquqlarını pozur, istintaqın gedişinə azərbaycansayağı istiqamət verir və gələcəkdə məhkəmənin çıxaracağı sifarişli qərara indidən “hüquqi baza” yaradır. XXI əsrdə Azərbaycan təhlükəsizlik və prokurorluq orqanlarının açıqladığı “Samvel” əməliyyatı, vaxtilə şanlı “NKVD” komissarı Lavrenti Beriyanın “xalq düşmənlərinə” qarşı hazırladığı əməliyyatlara çox bənzəyir”.

Milli Şura Rauf Mirqədirovun vəkillərinin cavablarını təqdir edir və bəyan edir ki, məlum açıqlama Azərbaycan hüquq-mühafizə və təhlükəsizlik orqanlarının Ermənistan tərəfi ilə sıx əməkdaşlıq vəziyyətində olduğunu göstərir.

Rauf Mirqədirov son illər “Zerkalo” qəzetinin Türkiyədə akreditasiya olunmuş müxbiri idi və ailəsi ilə birgə Ankarada yaşayırdı. O bu il aprelin 18-də Türkiyədə saxlanılıb və bir gün sonra Azərbaycana göndərilib. Müxbir Bakı hava limanında saxlanılıb. O Ermənistanın xeyrinə casusluqda günahlandırılır və dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı qəbul etmir.

XS
SM
MD
LG