Accessibility links

İqbal Ağazadə: Bu ədalətsizlikdir (Audio)


Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib.

Azərbaycan Milli Məclisi “Siyasi Partiyalar haqqında qanuna dəyişiklik və əlavələr haqqında” qanun layihəsini müzakirəyə çıxarıb. Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə Amerikanın Səsi radiosuna müsahibəsində qanuna ediləcək dəyişikliyin əsasında siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinin durduğunu bildirib.

Qanuna dəyişikliklərə əsasən, dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizini deputatlığa namizədləri Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bölünür. Vəsaitin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Yerdə qalan 50 faiz vəsait isə Milli Məclisə seçilən deputatların sayına uyğun olaraq təmsil olunduqları partiyalar arasında bölünür.
Cənab Ağazadə partiyaların maliyyələşdirməsi üçün nəzərdə tutulan qaydanın reallığı əks etdirmədiyini bildirib. Onun fikrincə, parlament seçkilərində 17 siyasi partiya iştirak edib. “Bu partiyalardan 8-i Milli Məclisdə təmsil olunub. 9 siyasi partiya parlamentdən kənarda qalıb və Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə bu partiyalardan heç biri 3 faiz səs toplamayıb. Təsəvvür edin ki, “Qarabağ” bloku, “AXCP-Müsavat” bloku seçkilərdə 30-dan çox namizədlə təmsil olunub. Bu bloklar, o cümlədən Demokrat, Lideral kimi partiyalar büdcədən maliyyələşməyəcək. Ancaq, seçkilərdə yalnız bir namizədlə iştirak edib, deputat yeri qazanmış partiyalar maliyyə vəsaiti alacaq. Bu ədalətsizlikdir”.

O, yeni qanun layihəsi qəbul olunarsa büdcədən ayrılacaq maliyyə vəsaitinin böyük hissəsinin iqtidarda olan Yeni Azərbaycan Partiyasına çatacağını deyib. “Bu isə seçkilərdə siyasi partiyaların bərabər start vəziyyətini ciddi sual altında qoyur. Hazırda böyük maliyyə vəsaitində malik olan iqtidar partiyası daha da varlanacaq. Maliyyə resursları olmayan müxalifət partiyaları isə daha da ağır duruma düşəcək. Bu isə ədalətli seçki prinsipinin indidən ciddi şübhə altına alınması deməkdir”, - deyə o qeyd edib.

Öz növbəsində, rəsmi Bakı parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirib. Buna baxmayaraq beynəlxalq təşkilatlar seçkiləri tənqid edib. Seçkidə iştirak etmiş müxalifətdə olan siyasi partiyalar isə seçkilərin nəticələrini qəbul etmir.

XS
SM
MD
LG