Accessibility links

ATƏT, Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda parlament seçkilərinə yardım edəcək


ATƏT, Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda parlament seçkilərinə yardım edəcək
ATƏT, Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda parlament seçkilərinə yardım edəcək

Mətbuat konfransında hər üç təşkilat parlament seçkiləri zamanı göstərəcəyi yardım proqramını açıqlayıb

ATƏT-in, Avropa Şurasının və Avropa İttifaqının Bakıdakı nümayəndələri Bilge Cankorel, Veronika Kotek və Roland Kobia Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlı birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında hər üç təşkilat parlament seçkiləri zamanı göstərəcəyi yardım proqramını açıqlayıb.
Yardımlar seçki administrasiyası və digər müvafiq iştirakçıların bacarıq və müstəqilliyinin gücləndirilməsi, bütün namizədlərin seçki kampaniyasının müstəqil, qərəzsiz və plüralist işıqlandırılmasını təmin edən media mühitinin dəstəklənməsi, toplaşmaq azadlığının lazımi qaydada həyata keçirilməsinin təşviqi, seçki prosesində qadınlar da daxil olmaqla, ictimaiyyətin marağı və iştirakının stimullaşdırılması sahələrini əhatə edəcək.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, hər üç təşkilat dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə işləyərək, planlarını uzlaşdırılmış və razılaşdırılmış şəkildə hazırlayacaq. Onun fikrincə, parlament seçkiləri Azərbaycanda siyasi inkişafın ölçüsü kimi qiymətləndiriləcək. “Biz Azərbaycan hökumətinin seçkiləri ATƏT standartlarına uyğun keçirəcəyini düşünürük. Hökumətin, siyasi partiyaların və vətəndaş cəmiyyətlərinin bu istiqamətdə bütün hərəkətlərini dəstəkləməyə hazırıq”, - deyə o qeyd edib.

Hər üç təşkilat bütün siyasi partiyaların seçkilərdə iştirak qərarını, bələdiyyə seçkilərində olduğu kimi parlament seçkilərində də qadınların fəal iştirakını, prezident seçkilərindəki kimi seçkilərin texniki baxımdan inkişafını məmnuniyyətlə qarşılayacaq. “Siyasi plüralizmi, seçki komissiyalarında bəzi çatışmazlıqların aradan qaldırılması, əsas hüquqların qorunması baxımından da problemlərin aradan qaldırılmasını istəyirik. Seçki komissiyalarının tərkibi ilə bağlı siyasi sistemdəki narahatlıqlar aradan qaldırılması üçün ATƏT və AŞ Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmalıdır”.

Cənab Cankorel suallara cavabda “Seçki Məcəlləsi”ndə dəyişikliklər edilməsinin müzakirə predmeti olmadığını bildirib. “Ancaq icra qərarları qaydasında seçki komissiyalarının rəhbərlərinin üçdə bir prinsipi ilə formalaşdırılması ola bilər. Bu, həm də bir çox narahatlıqları aradan qaldıra bilər”, - deyə o qeyd edib.

Çıxışlarda seçki iştirakçıları üçün bərabər şəraitin yaradılması, namizədlərin özlərini tanıtması üçün özəl və dövlət televiziya kanallarına çıxış üçün bərabər şəraitin yaradılması, namizədlərin qeydiyyatı ilə bağlı bütün problemlərin aradan qaldırılmasının vacibliyi vurğulanıb. “Seçki administrasiyası ilə əlaqələrdə qeyri-qanuni müdaxilələrin aradan qaldırılması, seçki ilə bağlı olan QHT-lərin qeydiyyatı və müstəqil müşahidəçilərin fəaliyyəti təmin edilməlidir. Sərbəst toplaşma sahəsində qanunun tətbiqi və jurnalistlərin seçki prosesini azad şəkildə işıqlandırması üçün şərait yaradılmalıdır”,- deyə ATƏT-in Bakı ofisinin rəhbəri bildirib.

ATƏT-in Bakı ofisi seçicilərin maarifləndirilməsi, qadınların və gənclərin seçkilərdə fəal iştirakı, müstəqil müşahidəçilərin fəalliyyəti ilə bağlı seminarlar, dəyirmi masalar keçirəcək. Seçki şikayətlərinin araşdırılması ilə bağlı məsləhət üçün qaynar xətt telefonu açılacaq və məhkəmələr üçün seminar keçiriləcək.
May ayında ATƏT siyasi partiyalarla bağlı üzv ölkələrdəki ən yaxşı qanunlarla bağlı seminar təşkil edəcək. Bütün toplumların iştirakı ilə dəyirmi masalar təşkil ediləcək. İlk dəyirmi masa sabah ATƏT sədrinin müavini Duglas Veykin iştirakı ilə olacaq. Bu dəyirmi masalar növbəti aylarda da davam edəcək.
“Seçki prosesindəki çatışmazlıqların aradan qaldırılması üçün Azərbaycana hər cür yardım etməyə hazırıq”, - deyə ATƏT-in Bakıdakı nümayəndəsi bəyan edib.

Avropa Şurasının Nazirlər Komitəsi isə Azərbaycanda parlament seçkiləri zamanı qanunvericiliyin təkmilləşdirilməsi, seçki administrasiyası, media azadlığı və seçici fəallığının artırılması sahəsində yardımlarla bağlı xüsusi fəaliyyət proqramı qəbul edib. AŞ-ın Azərbaycandakı nümayəndəsi Veronika Kotek bildirib ki, Azərbaycan hökuməti icazə verərsə, AŞ seçki qanunvericiliyinin yenidən ekspertizası, qanunların icrasının monitorinqini həyata keçirə bilər. “AŞ bütün 4 istiqamət üzrə konfranslar keçirməyi planlaşdırır”.
Avropa İttifaqı da Azərbaycanda siyasi seçimin azadlığını təşviq edir. Təşkilat Aİ-nin Azərbaycanın da imzaladığı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində seçki prosesinə yardım edəcək.

Hər üç təşkilatın nümayəndələri çıxışlarında ötən seçkilərdə Azərbaycanda irəliləyiş olduğundan da danışıblar. Ancaq jurnalistlərin irəliləyişin nədən ibarət olması ilə bağlı suallarına cavabdan yayınıblar. Onlar yalnız bu ilki parlament seçkilərinin azad və ədalətli keçiriləcəyinə ümid ifadə etməklə kifayətlənib.
Problemlərin aradan qaldırılması ilə bağlı beynəlxalq təşkilatların xatırlatmaları Azərbaycan iqtidar tərəfindən qəti şəkildə rədd edilir, müxalifət isə problemləri real sayır.

YAP icra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi” radiosuna seçkilərlə və əsas azadlıqlarla bağlı qanunlara ATƏT və AŞ-nin ekspertləri tərəfindən müsbət rəy verildiyini deyib. O seçki sahəsində hər hansı problemin olmadığını bildirib.

“Müsavat” partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi”nə beynəlxalq təşkilatların təkliflərini müsbət qarşıladığını deyib. Bu problemlər neçə illərdir ki, müxalifət və beynəlxalq təşkilatlar tərəfindən qaldırılsa da Azərbaycan hakimiyyəti əksinə, azadlıqları məhdudlaşdırmaq yolunu seçib.

Seçki komissiyalarının rəhbərlərinin iqtidar, müxalifət və müstəqil üzvlərdən olması ilə bağlı təklifə gəlincə, bu iqtidar tərəfindən rədd edilir, müxalifət isə məsələni müzakirə edəcəyini deyir. Cənab Qurbanlı təklifi antidemokratik sayır.

“Müsavat” başqanı isə beynəlxalq təşkilatların təklifinin müxalifətin seçki komissiyalarının paritet əsasla iqtidar və müxalifət üzvlərdən formalaşdırılması təklifindən fərqli olduğunu bildirib. Bununla yanaşı müxalifət yeni təklifin müzakirəsinə hazırdır.

XS
SM
MD
LG