Accessibility links

POL QOBL: Beynəlxalq Məhkəmə Kosovo barədə xeyli ehtiyatlı hərəkət edib


POL QOBL: Beynəlxalq Məhkəmə Kosovo barədə xeyli ehtiyatlı hərəkət edib
POL QOBL: Beynəlxalq Məhkəmə Kosovo barədə xeyli ehtiyatlı hərəkət edib

“Mən qərarı oxuyanda o məndə çox ehtiyatla hazırlanmış bir sənəd təsəvvürü yaratdı. O bir tərəfdən bu məsələdə baş verənlərə bəraət qazandırır, ancaq bundan başqa yerlərdə istifadə olunmasının qarşısını alır. Aydındır ki, çoxlu yerlərdə məhkəmənin qərarından istifadə edilə biləcəyi ümidi var idi ancaq məhkəmənin qərarı bu cəhətdən olduqca qeyri-adi bir qərardır.”

Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyini elan etməsi barədə qərarına reaksiyalar davam edir. Avrasiyada milli və etnik məsələlər üzrə mütəxissis Pol Qoblun fikrinə görə, Beynəlxalq Məhkəmə Kosovo barədə qərarından gələcəkdə başqa konfliktlərin həllində istifadə olunmaması üçün olduqca ehtiyatlı hərəkət edib.

Pol Qoblun fikrinə görə, məhkəmələr ümumiyyətlə qanun kimi istifadə olunacaq, ya da qanun qüvvəsində Kosovo məsələsi kimi məsələlərdə qərar verəndə ehtiyatla hərəkət edir, qərarlarının mümkün dərəcə də məhdud bir sahədə tətbiq olunmasını istəyirlər və bu məsələdə beynəlxalq məhkəmə belə hərəkət edib.

Ekspertin fikrinə görə, Beynəlxalq Məhkəmə Kosovo barədə qərarının gələcəkdə başqa konfliktlərə tətbiq olunmaması üçün olduqca ehtiyatlı hərəkət edib. O deyir ki, Məhkəmə ehtiyat edirdi ki, Kosovo barədə qərarından hansısa bir şəkildə başqa ölkələr də istifadə edəcəklər: “Məncə, məhkəmə bu özünəməxsus məsələ barədə baş verənlər üçün qanuni bir çərçivə təmin etməyə çalışdı, ancaq bunu dünyanın başqa yerlərində öz müqəddaratını təyin etmək istəyən separatçı qüvvələr üçün presedent təşkil etmədən bacardı. Məhkəmə eyni zamanda müstəqillik, ya ayrılma tərəfdarı qrupları gücdən istifadə ilə yatırtmağa çalışan mərkəzi hökumətlərə də bu hərəkətlərinə bəraət qazandırmaq üçün onun qərarından istifadə etmə imkanı vermək istəmədi.”

Ekspert məhkəmənin qərarını olduqca qeyri-adi və balanslı adlandırır : “Mən qərarı oxuyanda o məndə çox ehtiyatla hazırlanmış bir sənəd təsəvvürü yaratdı. O bir tərəfdən bu məsələdə baş verənlərə bəraət qazandırır, ancaq bundan başqa yerlərdə istifadə olunmasının qarşısını alır. Aydındır ki, çoxlu yerlərdə məhkəmənin qərarından istifadə edilə biləcəyi ümidi var idi ancaq məhkəmənin qərarı bu cəhətdən olduqca qeyri-adi bir qərardır.”

Pol Qobl deyir ki, hazırda dünyada iki yüzdən çox ölkədə təqribən yeddi min etnik icma mövcuddur ki, bunların siyahısına dini və regional qruplaşmalar daxil deyil. Əgər məhkəmə qərara gəlsə idi ki, istənilən bir müstəqillik və ya ayrılma tərəfdarı qrupun bunu etməyə hüququ var, aydındır ki, bu etnik icmaların hamısı olmasa da bir hissəsi müstəqillik əldə etmək istiyərdi, məhkəmə isə buna yol vermədi: “Eyni zamanda aydındır ki, məhkəmə hökumətlərə belə bir mesaj da göndərmək istəmədi ki, beynəlxalq icma, mərkəzi hökumətlərin öz müqəddəratını təyin etmə və ya ayrılmanın qarşısını almaq üçün görə biləcəkləri hər növ tədbiri qəbul edəcək.”

Cənab Qoblun fikrinə görə bu iki ziddidiyyətli mövqeyi balanslaşdırmaq xeyli çətin olsa da məhkəmə bunu etməyə çalışıb.

Qərb ölkələrinin çoxunun Kosovonun müstəqilliyini tanıdıqları vaxt bunun başqa konfliktlərə təsirləri barədə kifayəti qədər düşünüb- düşünmədikləri və onların bu qərarının yerində olub-olmadığı barədə sualımızın cavabında isə Pol Qobl deyir ki, Avropa tarixində ilk dəfə olaraq 1945-ci illə 1989-cu illər arasında, yəni 44 il sərhədlər dəyişməyib. Bu, Avropa tarixində beynəlxalq sərhədlərin dəyişmədən qaldığı ən uzun müddətdir. Tarixdə bu, əvvəllər baş verməmişdi: “ Buna görə də dünya birliyinin mövqeyi sərhədlərin olduğu kimi qalması, daxili problemlərin sərhədlərin dəyişməməsi prinsipi əsasında həlli idi. Belə olsa da, biz sonra Yugoslaviyanın parçalandığını, Çexoslavakiyanın iki yerə ayrıldığını, Sovet İttifaqının dağıldığını gördük. İnsanların 44 ildən bəri dəyişməyən sərhədlərin olduğu kimi qalacağını bunun lazım olduğunu düşünmələrinə baxmayaraq, sərhədlər tezliklə dəyişməyə başladı.Bu dəyişiklik isə dünya birliyini narahat edirdi.”

Ekpertin fikrinə görə bəzi ölkələr Yugoslaviyanın dağılmasından sonra müstəqilliklərini qazanan yeni dövlətləri və Sovet İttifaqının dağılmasını tanımaqda, qəbul etməkdə olduqca yavaş hərəkət etdilər. İnsanlar bu hadisələrdən olduqca narahat idilər.

Pol Qoblun sözlərinə görə bəzi ölkələr bu bölünmələrdən sonra belə məsələlərə daha ehtiyatla yanaşmağa başladılar. Onlar deyirdilər ki, sərhədlərdə belə dəyişikliklər artıq heç bir yerdə, xüsusilə də Avropada bir daha baş verməməlidir. O deyir ki, “1992-ci ilin fevralında Ağ Ev bildirdi ki, Birləşmiş Ştatlar post-sovet məkanında Sovetlərdən ayrılmış dövlətlərdə separatçı hərəkatları tanımayacaq. Bu isə olduqca qeyri-adi bir bəyanat idi, çünkü o zamana qədər Birləşmiş Ştatlar millətlərin öz müqəddəratlarını təyin etmə hüquqlarını müdafiə edirdi.” Ekpert söyləyir ki, aydın idi ki, dünya artıq əlavə sərhəd dəyişikliyini dəstəkləmirdi.

Pol Qobl qeyd edir ki, buna baxmayaraq, o zamanda Balkanlarda güclü cərəyanlar baş verirdi ABŞ və Qərb ölkələri bu məsələlərin həllində çətinliklərlə üzləşirdi. Onların ən mühümləri, Balkanlarda müsəlmanlarla pravoslavların bir dövlət daxilində yaşamalarının çətinlikləri, açıq-aydın görünürdü. Kosovonon müstəqilliyi hərəkatı və buna Serbiyanın reaksiyasının gətirdiyi konflikt davam etdiyi zamanda dünya birliyi hələ də sərhədlərin dəyişməsinin əleyhinə idi.

Xüsusilə 90-cı illərin axırlarında politoloq Samuel Huntingtonun “Mədəniyyətlərin Toqquşması” adlı elmi yazıları ABŞ-ın regionla bağlı siyasətinə öz təsirini göstərdi. Cənab Huntingtonun nəzəriyyəsinə görə, müsəlmanlarla pravoslavlar arasında ziddiyyətlər bir dövlət daxilində həll oluna bilməzdi. Bu isə Kosovonun Serbiyadan ayrılmasının dəstəklənməsi mənasına gəlirdi ki, Pol Qoblun fikrinə görə, ABŞ yaranmış vəziyyət qarşısında başqa şərtlər altında atmayacağı addımı ataraq, Kosovonun müstəqilliyi ideyasını dəstəkləmək yolunu seçdi.

Ekspert ABŞ və Brüsseldə Kosovonun müstəqilliyinin tanınması qərarının yanlış olduğunu deməsə də, bu qərarı qəbul edənlərin onun nəticələrini lazımı şəkildə götür-qoy etmədikləri fikri ilə razılaşır. O deyir ki, “ səbəbi nə olursa olsun, siz belə bir qərara gələndə başqa ölkələr də bunu öz məqsədləri üçün presedent olaraq qəbul edəcəklər”. Cənab Qobl deyir ki, ABŞ və Avropanın Kosovo ilə bağlı qərarlarını nəzərə almadan Rusiyanın Abxaziya və Cənubi Osetiyada elədiklərini anlamaq mümkün deyil. O bunu da söyləyir ki, nə qədər Kosovonun presedent təşkil etmədiyi deyilsə də, Çinin Şincan Muxtar Bölgəsindən tutmuş, Hindisdandakı ərazi münaqişələrinə qədər indi müxtəlif münaqişələrdə Kosovo variantı bir nümunə kimi göstərilir.

XS
SM
MD
LG