Accessibility links

Beynəlxalq Məhkəmənin Kosovo barədə qərarına rəaksiyalar birmənalı olmayıb


Qərarı alqışlayan ABŞ Dövlət departamentinin sözçüsü deyib ki, məhkəmənin hökmü spesifik şəkildə yanlız Kosovoya məxsus faktlara əsaslanır və biz bunun başqa münaqişəli ərazilərə şamil olmadığı fikrindəyik.

Beynəlxalq məhkəmənin Kosovonun müstəqilliyi leyhinə qərarı Kosovoda şənliklərlə qarşılansa da ona dünya miqyasında rəaksiya birmənalı olmayıb. Məhkəmənin qərarı tövsiyyə mahiyyətindədir və buna görədə tərəflər bu qərarı qəbul ya icra etmək məcburiyyətində deyillər. Digər tərəfdən məhkəmə beynəlxalq qanunların Kosovonun müstəqillik elanını yasaqlamadığı qərarına gəlsə də, Kosovo dövlətinin qanuniliyi habelə Serbiya ilə Kosovo arasındakı başqa siyasi məsələr barədə mövqei bildirməyib.

Birləşmiş Ştatlar Haaqa məhkəməsinin Kosovonun müstəqilliyinin beynəlxalq qanunları pozmaması barədə qərarını alqışladığını bildirib. ABŞ 2008-ci ildə Kosovonun müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi indi də qərarı dəsdəkləyərək dünya ölkələrini, əksəriyyətini etnik albanlar təşkil edən Kosovo dövlətini tanımağa çağırıb.

Yazılı açıqlamada dövlət katibi Hillari Klinton bildirib ki, Haaqa məhkəməsinin qərarı, ABŞ baxışı ilə üst-üstə düşür. Belə ki, Kosovonun Serbiyadan ayrılması qanuni idi və bu, sərhədləri dəyişilməz bir müstəqil dövlətdir. Xanım Klinton Kosovo və onun müstəqilliyini qəbul etməyən Serbiyaya müraciət edərək onları fikir ayrılıqlarını bir kənara qoyaraq, birgə işləməyə çağırıb.

Dövlət Departamentinin sözçüsü Filip Kroulinin bildirdiyinə görə, ABŞ Kosovonun Serbiyadan ayrılmasının tarixi və emosional aspektlərini anlayır, ancaq ümid edir ki, Belqrad uzaqgörənlik nümayiş etdirərək anlayacaq ki, onun maraqları Avropaya daha da inteqrasiya olmaqdan ibarətdir: “Bunun çətin olduğunu anlayırıq ancaq Serbiyanın bu və başqa dövlətlərlə əlaqələri inkişaf etdirərək Kosova ilə konstruktiv iş görəcəyini düşünürük. Bu addımları atsa o, mükafatlandırılacaq.”

Avropa İttifaqına üzv 20 ölkə daxil olmaqla 70-ə yaxın dövlət Kosovonun müstəqilliyini tanıyır. Yunanistan, Kipr, Ruminiya və İspaniya isə Kosovonun müstəqilliyini qəbul etmir. Kosovonun müstəqilliyini tanımayan ölkələr arasında Serbiyaya əlavə olaraq Çin, və Belqradın əsas müttəfiqi Rusiya var.

Moskva Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyini tanıyıb. Ancaq dövlət departamentinin sözçüsü cənab Krouli təkid edib ki, Haaqa məhkəməsinin Kosovo barədə qərarı bu iki ərazinin, Dnesteryanı ərazinin və onlar kimi başqa ərazilərin müstəqillik iddialarını gücləndirmir. Cənab Krauli deyir ki, məhkəmənin qərərını oxuyan hər hansı bir şəxs görəcək ki, bu hökm spesifik şəkildə yanlız Kosovoya məxsus faktlara əsaslanır. O söyləyib ki, biz əlbətdə bunun başqa məsələlərə şamil olmadığı fikrindəyik.”

Haaqa məhkəməsinin qərarının daha çox ölkənin Priştina hökumətini tanımasına imkan yaradacağı təxmin edilir. Kosovonun məhkəmədən sonra müxbirlərlə görüşən xarici işlər naziri Skender Hüseyni bunun Kosovo, Balkanların qərbi və Avropa üçün sevindirici bir xəbər olduğunu deyib.

Serbiyanın xarici işlər naziri Vuk Yeremik isə məhkəmənin qərarının Serbiyanın mövqeyini dəyişməyəcəyini, ölkəsinin hansı şərtlərlə olursa olsun Kosovonun müstəqilliyini tanımayacağını bildirib.



XS
SM
MD
LG