Accessibility links

ABŞ Mətbuatı: Kosovonun müstəqilliyi və beynəlxalq fəsadlar


Siyasi analitiklər tövsiyə mahiyyəti daşıyan 10:4 nisbətindəki qərarın başqa ölkələrdə separatçı hərəkatlara təkan verə biləcəyini proqnozlaşdırırlar

BMT-nin ali məhkəməsinin qərarına əsasən Kosovonun 2008-ci ildə Serbiyadan ayrılmaq haqda birtərəfli bəyannaməsi beynəlxalq qanuna zidd deyil. Bir çox hüquq ekspertləri ötən həftənin cümə axşamı qəbul edilən qərarın mümkün qlobal təsirlərindən narahatlıqlarını ifadə ediblər.

New York Times qəzetinin yazdığına görə hüquqşünaslar hesab edirlər ki, Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun müstəqilliyini qanuni elan etsə də Kosovonun beynəlxalq hüquqa əsasən qanuni dövlət olduğunu açıq bildirməyib. Bu, isə münaqişə tərəflərinin hər birinə qərarda qalib kimi əks olunduqlarını yozmaq imkanı verir.

Siyasi analitiklər tövsiyə mahiyyəti daşıyan 10:4 nisbətindəki qərarın başqa ölkələrdə separatçı hərəkatlara təkan verə biləcəyini proqnozlaşdırırlar. BMT Baş Assambleyasında təmsil olunan 192 dövlətdən yalnız 69-u, o cümlədən ABŞ və Avropa İttifaqı Kosovonun müstəqilliyini tanıyıb. London İqtisadiyyat məktəbəinin Balkanlar üzrə eksperti Ceyms Ker-Lindsi deyir ki, məhkəmə qərar verərəkən milli müqəddaratını müəyyən etmə hüququ ilə dövlətin ərazi bütövlüyü anlayışlarını balanslaşdırmağa çalışırdı, lakin sonda bu məsələlərdən tamamilə kənar durdu. Lindsinin sözlərinə görə reallıqda Kosovonun müstəqilliyini məhkəmə qərarı deyil, onu tanıyan dövlətlərin sayı müəyyənləşdirəcək. New York Times qəzeti yazır ki, Kosovonun müstəqillk bəyannaməsinə legitimliyin verilməsi Şimali Kipr, Somalilən, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Transdnestr kimi müxtəlif yerlərdə separatçı hərəkatlar tərəfindən presedent kimi istifadə oluna bilər. Lakin hüquqşünaslar həmçinin vurğulayırlar ki, məhkəmənin hər vəchlə Kosovonun hüquqi statusuna toxunmaqdan yayınması başqa yerlərdə millətçi-separatçı hərəkatların şirnikləndirilməməsinə hesablanmış addım idi.

Qərarın qlobal təsirlərindən bəhs edən Washington Post Serbiya və Kosovonun artıq dünyanın müxtəlif ölkələrində öz mövqelərinə dəstək qazanmaq üçün lobbiçiliyə başladıqlarını bildirir. Serbiya ümid edir ki, Kosovonun müstəqilliyinə qarşı sərt çıxış edən Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasına üzvlüyü bu dövlətin BMT-yə daxil olmasının qarşısını almaqda yardımçı ola bilər. Belə ki, rəsmi Pekin və Moskva şurada veto gücünə malikdirlər.

Washington Post-un yazdığına görə sentyabrda BMT Baş Assambleyasının yığıncağında Kosovonun müstəqilliyini tanınması ilə bağlı təzyiqlərin artacağı gözlənilir. Belə ki, ABŞ və Böyük Britaniya başda olmaqla Qərb öz müttəfiqlərinin bu dövləti tanımasını istəyir. O biri tərəfdən Kosovonun müstəqilliyini tanımayan dövlətlərin bir çoxu özlərinin separatçı hərəkatları ilə üzləşir. Avropa İttifaqı üzvləri sırasında İspaniya, Yunanıstan, Slovakiya, Kipr və Rumıniya separatçı hərəkatlarla üzləşirlər. İspaniyanın xarici işlər naziri Angel Moratinos qərara hörmətlə yanaşdığını bildirib, lakin o, Madridin Kosovonu tanıyıb-tanımayacağını açıqlamayıb. Yunanıstan və Slovakiya isə mövqelərini dəyişməcəklərini elan etmişlər. Yunan Kiprinin rəhbərliyi bir qədər uzağa gedərək Serbiyanı tam dəstəklədiyini bəyan etmişdir. O biri tərəfdən Gürcüstanın separatçı Abxaziya regionunun prezidenti Sergey Baqapş Kosovo barədə qərarı alqışlayıb. “Zənnimcə, bu qərar bizim göstərdiyimiz səylərə müsbət təsir göstərəcək,” deyə o, bəyan edib.

XS
SM
MD
LG