Avqustun 29-da Bakının Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə 17 yaşlı Əli Gülalıyevin (hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu) işi üzrə hazırlıq iclası keçirilib.
Ə.Gülalıyev xuliqanlıqda ittiham olunur. O 2013-cü il sentyabrın 20-də Bakının NZS qəsəbəsində təhsil aldığı 165 saylı orta məktəbdə davada iştirakda ittiham olunur.
Bu məktəbin şagirdi Bayram Sultanlı iş üzrə zərərçəkən kimi keçir.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, nə Bayram Sultanlı, nə də onun nümayəndəsi hazırlıq iclasına gəlməyib.
“Bu cinayət işi saxtadır və siyasi sifarişdir. Məqsəd sentyabrın 23-də Əliyə hücumdan və ona bıçaq xəsarətinin yetirilməsindən diqqəti yayındırmaqdır. Bu işi araşdırmaq əvəzinə 11 aydan sonra mənim oğluma qarşı ittiham irəli sürülüb. Hansı ki, 11 ay öncə Əli zərərçəkən kimi tanınıb”, O.Gülalıyev bildirib.
O ittihamın siyasi sifariş olmasının sübutu kimi deyib ki, ilk öncə belə hadisə olmayıb. “Bu gülünc və absurddur. Əgər belə hadisə olubsa belə, şikayət var idisə niyə bunun araşdırılması və istintaqı 11 ay sonra baş verib. Belə hadisə olsa idi, öncə məni valideyn kimi məktəbə dəvət edərdilər, məktəbin təlim-tərbiyə şurası bunu araşdırardı, məsələ ciddi idisə sahə müvəkkili araşdırardı, ərazinin polis bölməsi və ya Xətai rayon Polis İdarəsi məsələni araşdırardı. Bütün bu instansiyalar ola-ola iki şagirdin dalaşmasını birdən-birə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlər bölməsinin aparması xeyli suallar doğurur”, o qeyd edib. .
O.Gülalıyevin sözlərinə görə, iş üzrə yeganə istintaq materialı kimi məktəbdə müşahidə kamerasındakı qeydlər göstərilib ki, bu kadrlarda da ümumiyyətlə dava faktı yoxdur.
Videoda bir qrup şagirdin bir yerə toplandığı görünür. Kadrlarda Əli görünmür. İlkin araşdırmanı aparan Xətai polisinin müstəntiqi videoda Əlinin iştirak etmədiyini qeydə alıb.
O.Gülalıyev və demokratik ictimaiyyətin nümayəndələri əmindir ki, Ə.Gülalıyevə hücum onun atasının Milli Şuranın prezidentliyə naizədi Cəmil Həsənlinin mətbuat katibi olması və hüquq müdafiə fəaliyyəti ilə bağlıdır.
O hakimiyyətə “ataları oğullarla sınağa çəkməyin perspektivi yoxdur” mesajını göndərib. “Hazırda Azərbaycanın görkəmli ziyalıları, ictimai xadimləri, jurnalistləri, hüquq müdafiəçiləri həbsdədir. Əli də onlardan bir olar. Amma övladla atanı sınağa çəkmək düzgün metod deyil. Bu da məni yolumdan döndərməyəcək. Əgər amalınız övladla atanı sınağa çəkməkdirsə, bunun da bədəlini ödəməyə hazırıq”, o qeyd edib.
Zəzərçəkən və müttəhimin vəkili gəlmədiyindən hazırlıq iclası sentyabrın 9-na keçirilib.
Məhkəmədə Milli Şuranın rəhbəri Cəmil Həsənli, Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu, Milli Şuranın digər üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.