“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevə qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə ittiham irəli sürülüb və polis nəzarətinə verilib.
Oqtay Güləliyev Amerikanın Səsinə bildirib ki, iyulun 30-da Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. “Oğluma qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Söhbət 23 sentyabr 2013-cü ildə baş vermiş hadisədən gedir. Həmin gün axşam naməlum şəxslər oğlum Əli Gülalıyevə bıçaq xəsarəti yetiriblər. Bir il sonra istintaq belə bir qənaətə gəlib ki, “təqsirkar” elə zərərçəkmişin özüdür”, o qeyd edib.
2013-cü il prezident seçkiləri ərəfəsində Oqtay Gülalıyev dəfələrlə polisə çağırılıb. Həmin vaxt o, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat katibi idi. Ona ictimai fəaliyyətinə və siyasi məhbusların müdafiəsinə son qoymadığı təqdirdə oğlunun zərərçəkmişdən təqsirləndirilən şəxsə dönə biləcəyinə işarə edilib.
Xatırladaq ki, Oqtay Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının və “Kür” Vətəndaş Cəmiyyəti qərargahının koordinatorudur.
Bundan başqa, O.Gülalıyevin özünə qarşı iki il əvvəl Sabirabad polisi tərəfindən irəli sürülmüş iğtişaşlara çağırış haqqında ittiham hələ də ləğv edilməyib.
Buna Gülalıyevin daşqından ziyan çəkmiş rayon sakinlərini etiraz aksiyasında iştiraka dəvət etməsi səbəb olub.