Accessibility links

Azərbaycanda 20-ci neft-qaz sərgi-konfransı açılır


 Neft-qaz sərgisi_logo
Neft-qaz sərgisi_logo

Sərgi-konfransda 28 ölkədən 386 şirkət iştirak edəcək

İyunun 4-də Bakıda Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası “Caspian Oil and Gas” sərgi və konfransı açılacaq.

Sərgi iyunun 4-dən 7-dək Bakı Ekspo Mərkəzdə keçiriləcək. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcək.

Bu ilki Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri 20-ci dəfə keçirilir.

Təşkilatçı Iteca Caspian şirkəti bildirib ki, bu ilki sərgidə 28 ölkədən 386 şirkət iştirak edəcək. Caspian Oil and Gas-2012-də 35 ölkədən 304 şirkət iştirak edib.
Ötən illə müqayisədə sərgi sahəsi 22%, eksponantların sayı 25% artıb. Sərgiyə sönməyən marağı iştirakçıların 20% -nin yeni şirkətlər olması sübut edir. İlbəil yerli iştirakçıların sayı artır və bu il iştirakçıların 30%-i yerli şirkətlərdir.

Sərgilər başlanandan burada 70 ölkədən 5600 şirkət iştirak edib, deyə Iteca Caspian qeyd edib.

VIP qonaqlar arasında Gürcüstanın energetika naziri Kaxa Kaladze, Böyük Britaniyanın baş nazirinin ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, İsveçrənin ticart nazirinin dövlət katibi Günnar Oom, Enerji Xartiyasının baş katibi Urban Rusnak, Türkmənistanın neft və təbii ehtiyatlar nazirinin müavini
Mammetyazov var.

Konfrans 5-6 iyunda “Jumeirah Bilgah Beach” otelinin konfrans zalında olacaq. Əsas mövzular bunlardır: "Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu", "Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq", "Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi", "Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar", "Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı" və "Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər", "Ətraf mühit və sənaye təhlükəsizliyi standartlarının artırılması".

50-dən çox şəxs çıxış edəcək. Cəmi 600 nümayəndə iştirak edəcəyini bildirib. Konfransın proqramına ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini Annageldi Mammetyazov, İranın Neft Nazirliyinin Avropa, Amerika və Xəzər dənizi ölkələri üzrə şöbəsinin baş direktoru Huseyn Esmaili Şahmirzadə və Estoniyada yerləşən Müdafiə Tədqiqatları Beynəlxalq Mərkəzinin direktoru Metyu Brayzanın çıxışları daxil edilib. Oksford və Tripoli Universitetlərinin nümayəndələri, İsrailin Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəsi, eləcə də ATƏT-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və bir sıra digər şəxslər konfransda öz məruzələri ilə çıxış edəcəklər.

Konfransın sponsor sayı da rekorddur - 23 şirkət.
XS
SM
MD
LG