Accessibility links

Bakıda Beynəlxalq Xəzər neft və qaz sərgisi açılıb


Bakıda Beynəlxalq Xəzər neft və qaz sərgisi açılıb
Bakıda Beynəlxalq Xəzər neft və qaz sərgisi açılıb

Sərginin açılış mərasimində prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, nazirlər, Amerika, Türkiyə, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, diplomatik korpusların rəhbərləri iştirak edib

Bakıda “Caspian Oil & Gas” 17-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi açılıb. Sərgidə dünyanın 26 ölkəsindən 280 şirkət iştirak edir.
Sərginin açılış mərasimində prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, nazirlər, Amerika, Türkiyə, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri, diplomatik korpusların rəhbərləri iştirak edib.
Prezident İlham Əliyev bildirib ki, bu il Azərbaycanda 52 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir. Onun dediklərinə görə, hasil ediləcək qaz Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur. “Hazırda neft və qazı ixrac edirik. Ancaq yeni bazarlara da tələbat var. Hasilat ixracdan çoxdur. Bu səbəbdən ya yeni bazarlara çıxmalıyıq, ya da mövcud bazarları genişləndirməliyik”, - o qeyd edib.
Dövlət başçısı Azərbaycanın neft və qaz sahəsində diversifikasiyanı təmin etdiyini də diqqətə çatdırıb. “Azərbaycanın 4 qaz, 3 neft kəməri var. Bu hasilatı artırmağa imkan verir”.
O, Azərbaycanın xarici şirkətlərlə uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. “Azərbaycanın enerji siyasəti, aydın, açıq və səmimidir. Azərbaycan 16 ildir xarici şirkətlərlə əməkdaşlıq edir və bütün öhdəliklərini yerinə yetirib”.
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının böhrandan az itkilərlə çıxdığını deyib. Qlobal iqtisadi böhran nəticəsində neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının 2009-cu ildə artımı 9%-dən çox olub. “Bütün sosial proqramlar və infrastruktur layihələri uğurla icra olunub. Bu il də Azərbaycanda iqtisadi artım davam edir”.
Cənab Əliyev 1995-ci ildən Azərbaycan iqtisadiyyatına 82 mlrd. dollar investisiya qoyulduğunu və bunun yarısının qeyri-neft sektoruna yönəldiyini deyib: “Artıq Azərbaycan iqtisadiyyatında keçid dövrü arxada qalıb. İqtisadi böhran ilində belə kredit reytinqi artıb. Azərbaycanda neft sektoru ilə yanaşı, turizm, mehmanxana və iqtisadiyyatın digər sahələrinə investisiyalar yönəldilir. İqtisadiyyatın şaxələndirilməsi bundan sonra daha da genişləndiriləcək”.

O, Azərbaycan şirkətlərinin də xarici ölkələrə milyardlarla dollar həcmində investisiya yönəltdiyini deyib. “Bu siyasət davam etdiriləcək”.

Prezident bu il Azərbaycanın Çıraq Neft Layihəsinə start verdiyini və yaxın gələcəkdə “Şahdəniz-2” layihəsinə başlayacağını bildirib. “Bu layihəyə 20 mlrd. dollar vəsait yönəldiləcək. Bu isə qeyri-neft sektoruna böyük həcmdə vəsait yatırılacağına səbəb olacaq”.
Tədbirdə Böyük Britaniya baş nazirinin, ABŞ dövlət katibinin və Gürcüstan prezidentinin təbrikləri oxunub.
Amerika dövlət katibinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar regionda həyata keçirilən neft-qaz layihələrində Amerika və Azərbaycanın uğurlu əməkdaşlığını qeyd edib. “Amerika - Azərbaycan münasibətləri bundan sonra da uğurla davam edəcək. Mən Amerika prezidenti qarşısında daha da güclü əlaqələrin vacibliyi məsələsini qaldıracam. Amerika “Nabucco” layihəsində Azərbaycanın liderliyini səmimiyyətlə arzulayır”, - o qeyd edib.
Türkiyə enerji və təbii sərvətlər nazirinin müavini Yusif Yazar bildirib ki, Azərbaycanla Türkiyənin bir çox layihələri uğurla həyata keçirməsi yeni layihələrin reallaşdırılmasına ruhlandırır. “Nabucco” gələcəyin layihəsidir. Türkiyə Azərbaycan başda olmaqla bir sıra başqa ölkələri təchizatçı kimi görür”, - o vurğulayıb.
O, Azərbaycan prezidentinin yaxın günlərdə Türkiyəyə səfəri zamanı “Nabucco” sahəsində uğurlu addımlar atılacağını da bildirib.

XS
SM
MD
LG