Rusiyada iğtişaş polisi nümayişçiləri əsasən başlarından dəyənəklə vurmuş və 250 etirazçını saxlamışdır. Moskvada keçirilən yürüşdə iştirakçılar sabiq DTK casusu Vladimir Putinin hakimiyyətə qayıdışına etiraz edirlər.
Müxalifət liderləri Alekey Navalnı, Boris Nemtsov və Sergey Udaltsov zorakılıqlar əsnasında saxlanılanlar sırasındadır. Bu günkü toqquşmalar Putinin hakimiyyətə gəlişinin rus cəmiyyətində yaratdığı parçalanmanın dərinliyinə işarədir.
Polis onların qurduqları barrikadalara doğru irəliləyən nümayişçiləri başlarından vurmağa başlayıblar. Fiziki müqavimət göstərən nümayişçilər bayraq saplarından istifadə edərək polislə döyüşüb. Polis nümayişçilərin Kremlə doğru irəliləməsinin qarşısını ala bilib.
"Putin əsl xislətini, xalqı necə sevdiyini göstərdi – polis qüvvəsi ilə,” deyə nümayişçi Dmitri Qorbunov bildirib. Qorbunov bu gün Rusiyanın bir çox şəhərlərində təşkil olunan nümayiş iştirakçılarındandır.
Sabah Kremldə düzənlənəcək təmtəraqlı mərasimdə Vladimir Putin prezident qismində and içəcək.