Misir dövlət televiziyası bildirir ki, ölkədə polislə demokratiya tərəfdarı nümayişçilər arasında qanlı qarşıdurmalardan sonra Nazirlər Kabineti öz istefasını hakim hərbi şuraya təqdim edib.
Dövlətə məxsus MENA xəbər agentliyinin məlumatına görə, hərbi şura istefa təsdiq edib-etməmək barədə qərarını açıqlayanadək Kabinet üzvləri səlahiyyətlərini icra edəcəklər.
Misirin Səhiyyə Nazirliyi son üç gün ərzində ölkə boyu davam edən nümayişər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmalar nəticəsində 22 nəfərin öldüyünü, 1 700-dən çox insanın yaralandığını bildirib. Amerikanın Səsinin Qahirədəki müxbirinin bildirdiyinə görə, Təhrir Meydanında torlaşan etirazçıların təhlükəsizlik qüvvələrini daşa basmasından sonra onlara qarşı gözyaşadıcı qazdan istifadə edilib. Polis artıq üç gündür meydanda düşərgə salan nümayişçiləri dağıtmağa çalışır. Nümayişçilər hal-hazırda ölkəni idarə edən hərbçiləri hakimiyyəti mülki hökumətə verməməkdə ittiham edirlər.
Dünən də polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edərək, meydanı boşaltsalar da, nümayişçilər günün sonunda yenidən meydanı tutmağa nail olmuşlar.