Accessibility links

Leyla Yunus: Ilahi, mən, belə balaca, zəif və xəstə qadın hakimiyyət mənsublarını necə qorxuda bilmişəm?


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan həyat yoldaşı, tarixçi-alim Arif Yunusa növbəti məktubunu yazıb.

Leyla və Arif Yunusun görüşünə və məktublaşmasına imkan verilmədiyindən, o məktubunu media vasitəsi ilə həyat yoldaşına çatdırır.

Məktubu diqqətinizə çatdırırıq:

“Arif, əzizim!

Mən yenə sənə yazıram, hərçənd indi dəqiq bilirəm ki, sən mənim məktublarımı oxuya bilmirsən, çünki tam təcrid olunmusan.

Ancaq düşünürəm ki, Dinara - bizim həm Çuykov, həm Rodimtsevimiz bu məktubları qoruyub saxlayacaq və nə vaxtsa nəvələrimizə oxuyacaq.

Bizim sevimli K.Simonov dəqiq deyib: “məktublar müxtəlif olur: ağlar, ağrılı, bəzən gözəl, çox vaxt mənasız”. Ancaq sən həmişə mənim məktublarımı, məqalələrimi, əlyazmalarımı toplamısan. Bizim ailədə sən həmişə araşdırmaçı alim olmusan. Çox vaxt nə yazdıqlarım yadımda qalmır. Ötən həftə Tom de Vall 1990-cı ildə “Istiqlal” nəşrində dərc edilən “Siyasətçinin məsuliyyət həddi” məqaləmə istinad edəndə mənə çox xoş oldu.

Svetlana Qanuşkina isə 1991-ci ildə onunla birlikdə azərbaycanlı və erməni ziyalıların görüşünü təşkil etməyimizi yada salıb. Bizim sevimli Bulat Okucavanın bizə məktub-müraciəti mənim üçün çox əhəmiyyətli idi!

Bütün bunlar artıq tarixdir. Sən həmişəki kimi haqlısan - bizim adımızı tarixdən silmək mümkün olmayacaq. Bizim mübarizəyə hələ sovet QULAQ-da başlamışıq. Sən onda bu qırmızı faşizm ölkəsinin bizim sağlığımızda dağılacağını təsəvvür etmirdin. Biz gizli “Bolşeviklər tərəfindən əsarət altına alınmış milli azlıqların hərəkatı” ilə əməkdaşlıq edirdik, “samizdat” nəşr olan “Ekspress-xronika” qəzetinin müxbirləri idik.

Saşa Podrabinekdən nə qədər şey öyrəndim. Sonra Xalq Cəbhəsinin təşəbbüs qrupunda, AXC-nin ilk idarə heyətində oldum. Sən postsovet Azərbaycanında Islamın dirçəlməsinə, köçürülmüş xalqların tarixinə dair ilk araşdırmaları yazdın. Ancaq sən gənc yaşlarından Azərbaycanın hərbi tarixini yazmağı arzulayırdın. Biz Dinara ilə sənin üçün belə bir şəraiti yaratmağı arzulayırdıq. 2012-ci ildə mən unikal sayılacaq birgə Azərbaycan-erməni saytını yaratdım.

Ancaq məhz həbsimiz adlarımızı əbədiləşdirdi. Bizi təkcə ailəliklə həbs edib “şanlı” Stalin ənənəsini dirçəltmədilər. Bizə qarşı ömürlük həbs cəzasına aparan elə fantastik ittihamlar sürdülər ki (Yejov və Vışinski dincəlir)...

Həbsdə olarkən mən dəqiq anladım ki, onların məqsədi sadəcə məhv etmək deyil, elə işgəncə, təhqir və fiziki əzab verməkdir ki, dəhşətli əzablardan qurtulmaq üçün ölüm arzulayasan.

Başqa sözlə, bizim işimiz ən ali şkala ilə ən yüksək qiymətini aldı...

Arif, sənsiz çox tənhayam! Biz 36 il çiyin-çiyinə olmuşuq, 40 illiyimizi qeyd edəcəyimizə ümid edirdik, ancaq onlar bizdən elə qorxur...

Ilahi, mən, belə balaca, zəif və xəstə qadın hakimiyyət mənsublarını necə qorxuda bilmişəm? Necə?

Bilirəm, deyəcəksən ki, “yolçu Lakedemona çatdırıb ki, Qanuna sadiq olan bizlər burda uzanmışıq”. Ancaq mən yenə də düşünürəm ki, Leonidə daha asan idi... 300-dən biri...

Sənin Leylan".

XS
SM
MD
LG