Human Rights Watch beynəlxalq insan haqları təşkilatı Leyla və Arif Yunusların gələn həftə gözlənilən apellyasiya məhkəməsi ilə bağlı bəyanat verib.
Onların apellyasiya şikayətinə baxış oktyabrın 12-də başlayacaq. "Ədalətli məhkəmə normalarından kənar çıxarılmış qüsurlu hökmlər qüvvədə saxlanmamalı, hakimiyyət bütün ittihamları ləğv etməli və Yunusları azadlığa buraxmalıdır". Bu barədə Human Rights Watch beynəlxalq insan haqları təşkilatının Leyla və Arif Yunusların apellyasiya məhkəməsi qabağı yaydığı bəyanatda deyilir.
“Məhkəmə Azərbaycanda hüququn aliliyi və ədalətin bərpası yönündə addım ata bilər. Bu Leyla və Arif Yunuslara qarşı hökmlərin Azərbaycanın insan haqları öhdəliklərinə uyğun olmadığını anlamaq, onların məruz qaldığı dəhşətli ədalətsizliyin aradan qaldırılması üçün ilk addım olardı”, HRW-nin Avropa və Orta Asiya üzrə direktoru Rachel Denber bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 13-də Leyla Yunusa 8,5 il, Arif Yunusa 7 il həbs kəsib. Leyla və Arif Yunus 2014-cü ilin iyulunda həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Yunuslar ittihamları qəbul etmir və siyasi sifariş adlandırır. Leyla və Arif Yunus “vicdan məhbusu” elan edilib.
“Yunuslar müxtəlif xəstəliklərdən əziyyət çəkir. Leyla və Arif Yunusa müalicə lazımdır və hər şeydən öncə bu səbəbdən həbsxanada olmamalıdırlar. Onların sağlamlıq durumunun ağır olmasına baxmayaraq məhkəmənin keçirilməsi ədalətin necə məzxərəyə qoyulduğunu ortalığa çıxardı”, xanım Denber bildirib.
HRW bəyan edir ki, 2012-ci ildən başlayaraq hökumət onlarla insan haqları fəalını, müstəqil jurnalisti və blogeri təqib edib, qorxudub və ya həbsə atıb. Hazırda ölkənin əsas tənqidçilərinin çoxu dəmir barmaqlıqlar arasındadır.
Rəsmi Bakı bir qayda olaraq ölkədə söz, media və digər fundamental azadlıqların tam təmin edildiyini bildirir. Yüksək vəzifəli dövlət rəsmiləri Azərbaycanın Avropa hüquq məkanında olduğunu və insanların siyasi motivlərlə həbs edilmədiyini bəyan edir. Azərbaycan hakimiyyəti həmçinin beynəlxalq təşkilatların bəyanatlarını qəbul etmir, onları anti-Azərbaycan qüvvələrin əməlləri adlandırır.
Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycanda onlarla “vicdan məhbusu” olduğunu bəyan edib və ölkə rəhbərliyini fundamental azadlıqlarının təmini ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır.