İranda bir “təhlükəsizlik rejiminin” hakim olduğunu vurğulayan Kərim Əsgəri hesab edir ki, xarici dövlətlərin dəstəyi olmadan İranda teokratik rejimin devrilməsi mümkün görünmür.
Amerikanın Səsinə danışan türk fəal və siyasi ekspert “mərkəziyyətçi və qeyri-mərkəziyyətçi” olaraq ayırdığı iranlı müxalif qrupların fəaliyyətini dəyərləndirib.
“İslam Respublikasının 40 illik hakimiyyətinə baxdığımız zaman, biz bəlkə heç bir zaman bu qədər və belə etirazlara şahid olmamışdıq. Yəni, toplumda bir siyasi dəyişikliyin, xüsusilə də rejim dəyişikliyinin xalq tərəfindən istənildiyini görürük,” Əsgəri söyləyir.
Bir həqiqət var. İran bir təhlükəsizlik rejimi olduğu üçün, bunun içəridən çökməsi, qeyri-mümkün demirəm, amma çətindir.
İrandakı siyasi basqılara diqqət çəkən ekspertin fikrincə, bu şərtlər İran daxilində müxalif qrupların təşkilinə və liderlərin yetişməsinə imkan vermir:
“İran hakimiyyəti bir təhlükəsizlik və kəşfiyyat rejimidir. Buna görə də, İranın içində çox ciddi müxalif qruplar və liderlər görməyimiz mümkün deyil. Amma bu, kütlə içində narazılığın olmadığı anlamına gəlməz. Çünki, sistem liderlərin ortaya çıxmasına mane olur.”
Xaricdə fəaliyyət göstərən müxalif qruplar isə, Kərim Əsgərinin dediklərinə görə, İranda baş qaldıran kütləvi etirazları mənimsəyirlər, amma bu etirazları yönləndirmək onlar üçün çox mümkün olmur.
“Xaricdə mərkəziyyətçi və qeyri-mərkəziyyətçi müxalif qruplardan söz edə bilərik. İrandakı etirazlardan sonra, mərkəziyyətçi qruplar və xüsusilə Pəhləvilər bunu mənimsəməyə başladılar. Bu ailənin xeyrinə səsləndirilən şüarlar var idi, ‘Rza Şah ruhun şad!’ kimi. Bu da bunlara özlərini birinci alternativ görməyə, demək olar ki, haqlılıq qazandırdı. Amma, İran xaric dünyaya qapalı bir ölkə olduğu üçün müxalifət etirazları yönləndirə bilmədi,” Əsgəri söyləyir.
İslam Respublikasının 40 illik hakimiyyətinə baxdığımız zaman, biz bəlkə heç bir zaman belə etirazlara şahid olmamışdıq. Toplumda bir siyasi dəyişikliyin, xüsusilə də rejim dəyişikliyinin xalq tərəfindən istənildiyini görürük.
O, deyir ki, “bir həqiqət var. İran bir təhlükəsizlik rejimi olduğu üçün, bunun içəridən çökməsi, qeyri-mümkün demirəm, amma çətindir. Onun üçün xaricdən bir basqının olması gərəkdir. Yəni həm içəridən həm də xaricdən paralel basqılar olduğu təqdirdə bu rejimin getməsindən söz edə bilərik.”
Kərim Əsgəri həmçinin müxalif qrupların birlikdə fəaliyyət edə bilmədiklərini önə çəkir.
“Müxalifətdə çox ciddi birləşmə mümkün ola bilmir. Aralarında fikir birliyi yoxdur. Məsələn, bu gün Pəhləvilər və Xalq Mücahidlərini bir araya gətirmək çox çətin məsələdir... Əlavə olaraq, mərkəziyyətçi qrupların ideologiyasına baxdığımız zaman, onların qeyri-mərkəziyyətçi müxaliflər, o cümlədən türklər, ərəblər, bəluçlar və ya kürdlər ilə bir araya gəlmələri hələlik mümkün görünmür,” deyə türk fəal əlavə edir.