Bu yaxınlarda Azərbaycan Respublikasından ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, bəzi millət vəkilləri, habelə “Güney Azərbaycan Milli Hərəkatına” mənsub bəzi təşkilat nümayəndələrinin iştirakı ilə Bakı Beynəlxalq Mətbuat Mərkəzində “I Bütöv Azərbaycan Forumu” təşkil olunub.
İclasa qatılanlardan “Güney Azərbaycan Demokrat Partiyasının” (GADP) başqanı Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə forumun hədəfləri və aparılan müzakirələr haqqında məlumat verib.
Tədbiri təşkil edən Bütöv Azərbaycan Ocaqlarının (BAO) saytında yazılanlara görə, “forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyü məsələsini gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq və ümummilli birliyə nail olmaqdır.”
İranın bu çalxantılı durumunda hərkəs hər an bir partlayışın ola biləcəyini gözləyir. Bu durumda belə forumlar vasitəsilə milli birliyin göstərilməsi ümidverici olur.
Mahmud Bilgin deyir, “çox təsirli və önəmli bir toplantı idi. İllər idi ki, Azərbaycanda belə bir toplantı yüksək səviyyədə keçirilməmişdi... Bu, aydınlar arasında, habelə qəzetlər və saytlar vasitəsilə geniş yayılaraq Azərbaycan Respublikasında və təbii olaraq Güney Azərbaycanda öz təsirini buraxır.”
Onun dediklərinə görə, forumda bir çox mövzu müzakirəyə qoyulsa da, “Güney Azərbaycan məsələsinə” xüsusi diqqət yetirilib:
“İstər-istəməz bugünkü duruma baxaraq Güney Azərbaycan məsələsi ön planda yer aldı. Bu, bütün Azərbaycan quruluşları, şəxsiyyətləri və fikir insanları üçün ən önəmli məsələdir. Buna görə də istər-istəməz diqqətlər Güney Azərbaycan üzərində idi.”
Siyasi fəal hesab edir ki, belə tədbirlərin keçirilməsi “Güney Azərbaycan daxilində də milli fəallar və milli hərəkat üzərində güclü təsir buraxar... Onlar da hiss edərlər ki, yalnız deyillər. İranın bu çalxantılı durumunda hər kəs hər an bir partlayışın ola biləcəyini gözləyir. Bu durumda belə forumlar vasitəsilə milli birliyin göstərilməsi ümidverici olur.”
Struktur baxımından, habelə İranın durumu və dünya ilə hansı dillə danışmaq mövzusunda eyni düşüncədə olan üç siyasi təşkilat bu qərara gəldilər ki, vahid bir platformada çıxış etmək üçün bir araya gəlsinlər.
Toplantı zamanı həmçinin “Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması”nın təşkili açıqlanıb.
“Struktur baxımından, habelə İranın durumu və dünya ilə hansı dillə danışmaq mövzusunda eyni düşüncədə olan üç siyasi təşkilat bu qərara gəldilər ki, vahid bir platformada çıxış etmək üçün bir araya gəlsinlər,” deyə Mahmud Bilgin ifdə edir.
“Azərbaycan Öyrənci Hərəkatı”, “Azərbaycan Milli Dirəniş Təşkilatı” və “Güney Azərbaycan Demokrat Partiyası” təşkilatları bu platformada yer alıblar.
Bilginin dediklərinə görə, “bu təşkilatların üçünün də əsas istəyi beynəlxalq bəyannamələr çərçivəsində türk millətinin öz müqəddəratına hakim olmasıdır. Bu istiqamətdə bizi dövlətçiliyə yaxınlaşdıran dəyişik alternativlərdən istifadə etməyə əlimizi açıq buraxırıq. Yurdumuz Azərbaycan və etnik [kimliyimiz] türk olaraq, Azərbaycançılıq, türkçülük və demokratiya prinsipləri bunları bir-birlərinə bağlayır.”