Accessibility links

İsmayıl Cavadi: Türk Fraksiyasından gözləntilərimiz məhduddur [Audio-Müsahibə]


İsmayıl Cavadinin sözlərinə görə, təqribən bir il öncə təsis olunduğu bildirilən Türk Bölgələri Fraksiyasının İrandakı siyasi şərait üzündən mütəmadi şəkildə və bütün sahələrdə fəaliyyət göstərməsi mümkün olmur. Milli fəal Amerikanın Səsinə müsahibədə fraksiyanı təşkil edən millət vəkillərinin izlədikləri hədəfləri şərh etməklə yanaşı, son vaxtlar İran Parlamentində türk dilinin tədrisi habelə kabinetdə türk nazirlərin çoxalmasına dair gündəmə gətirilən tələblər haqqında danışıb.

please wait

No media source currently available

0:00 0:16:04 0:00

Keçən ilin oktyabr ayında İran Parlamentində təqribən 100 millət vəkilinin yer aldığı “Türk Bölgələri Fraksiyası”-nın təsisi xəbərini milli fəalların əksəriyyəti olduqca müsbət qarşıladı. Ancaq fraksiyanın seçkilər və digər siyasi proseslərdə fəaliyyət göstərməməsi ardından müsbət baxışlar da azalmağa başladı.

Mən düşünürəm ki, Türk Fraksiyası bundan sonra da eynən indiki kimi [fəaliyyət edəcək]. Ortaya gələcək, çəkiləcək, şəraitə uyğun davaranacaq, bəzən də susacaq...
İsmayıl Cavadi

Bir neçə digər türk fəalla birlikdə fraksiyanı təşkil edən bəzi vəkillər ilə görüşdüyünü bildirən İsmayıl Cavadinin fikrincə, Türk Bölgələri Fraksiyasını təşkil edən millət vəkilləri ölkədəki mövcud siyasi şəraitə görə hərəkət edirlər.

Onun sözlərinə görə, “İranın qapalı bir siyasi sistemi var. Orada partiyalar yoxdur. Yəni, sadəcə dövlətin özündən güc alan partiyalar var. Bunlar açıq və demokratik şəkildə ortada deyillər... Buna görə də, İrandakı qeyri-demokratik atmosferdə fraksiyaların məhdudiyyətləri var. Eyni zamanda bunlara parlament xaricindən basqılar gəlir. Məcbur qalırlar ki, bir zaman susalar və başqa bir zaman o şəraitə uyğun meydana gələlər.”

İsmayıl Cavadi türk adı ilə bir fraksiyanın İran Parlamentində təsis edilməsini Azərbaycan əhalisi və ümumiyyətlə türk toplumu üçün önəmli bir uğur hesab etsə də fraksiyadan gözləntilərin məhdud olduğunu vurğulayır.

Fraksiyanın başqanı islahatçı vəkil Məsud Pezeşkiyab və sözçüsü islahatçı Zəhra Sai
Fraksiyanın başqanı islahatçı vəkil Məsud Pezeşkiyab və sözçüsü islahatçı Zəhra Sai

“Mən düşünürəm ki, Türk Fraksiyası bundan sonra da eynən indiki kimi [fəaliyyət edəcək]. Ortaya gələcək, çəkiləcək, şəraitə uyğun davaranacaq, bəzən də susacaq... Bizim də bundan artıq gözləntimiz olmamalıdır. Təbii ki illər sonra, türk adıyla bir fraksiyanın təsisi İranda yaşayan türklər üçün çox önəm daşıyır. Amma biz buna həqiqi bir güç kimi baxmamalıyıq. Çünki, oradakı millət vəkillərinin özlərinə görə müəyyən sıxıntıları var, bağlı olduqları siyasi qanaddan basqılar var. Eyni zamanda parlament xaricindən də basqılar var...”

Muhafizəkar vəkil Nadir Qazipur və islahatçı Əlirza Məhcub parlamentdə türk dilinin tədrisinə dair birgə sual irəli sürüblər.
Muhafizəkar vəkil Nadir Qazipur və islahatçı Əlirza Məhcub parlamentdə türk dilinin tədrisinə dair birgə sual irəli sürüblər.

O əlavə edir, “bunu da unutmayaq ki, fraksiyadakı millət vəkilləri ondan bir səs alma vasitəsi kimi də faydalanırlar. Fraksiyanın içində bir qrup türk millət vəkili gerçəkdən çox səmimiyyətlə çalışmaq istəyirlər, çalışırlar da. Çalışırlar ki, fraksiyanın hədəfləri əsasında türk bölgələrinin dərdlərini gündəmə gətirsinlər. Amma bir qrup da var ki, biz onlarla da görüşdük – sadəcə istəyirlər adları olsun və gələcək seçkilərdə bundan istifadə etsinlər.”

Son vaxtlar türk dilinin tədrisi və ya kabinetdə türk nazirlərin çoxalmasına dair tələblərin parlamentdə gündəmə gətirilməsi də geniş təpkilər doğurub. Bir qrup iranlı siyasətçi, jurnalist və siyasi fəal bu kimi təşəbbüslərin ölkənin bölünməsini istəyənlərin izində olduğunu irəli sürürlər.

İrandakı qeyri-demokratik atmosferdə fraksiyaların məhdudiyyətləri var. Eyni zamanda bunlara parlament xaricindən basqılar gəlir.
İsmayıl Cavadi

Urmiyəli fəal bu kimi təpkilərin sərgilənməsində həm muhafizəkar-islahatçı münaqişəsinin, həm də irançılıq təfəkkürünün rol oynadığını ifadə edir.

“Bəzən belə deyilir ki, fraksiyanın içində sağ/muhafizəkar qanada yaxın olan millət vəkilləri çalışırlar fraksiyanı Ruhani hökümətinin əleyhinə çevirsinlər. Mən məsələni belə görmürəm... Fraksiyanın başqanı Məsud Pezeşkiyandan əlavə Əlirza Məhcub kimi başqa tanınmış islahatçılar da bu fraksiyanın üzvüdürlər... Muhafizəkar qanadın burada rolu var. Amma mənim görüşdüyüm millət vəkilləri türk bölgələri və türk adının bu fraksiyanın üstündə olmasına çox israrlı olub, bu ada qarşı etiraz göstərənlərə də dirənirlər...”

İSNA agentliyinin son vaxtlar yaydığı xəbərə görə, muhafizəkar millət vəkili Nadir Qazipur və islahatçı Əlirza Məhcubun “Türk dilinin məktəblər və bütün universitetlərdə tədrisi” tələbini gündəmə gətirdikdən sonra İran Parlamenti mövzu ilə bağlı Elm və Təhqiqat Nazirliyinin ali təhsil üzrə planlaşdırma departmanına məktub göndərib.

Bəzi vəkillər fraksiyaya bir səs alma vasitəsi kimi baxırlar, amma bəziləri də səmimiyyətlə çalışmaq istəyirlər.
İsmayıl Cavadi

Cavadinin dediklərinə görə, muhafizəkar və islahatçı millət vəkillərinin bu növ fəaliyyətlər göstərməsi əslində Azərbaycanda milli tələblərin daha artıq səsləndirilməsinin nəticəsidir.

İran Azərbaycanı və türklərin əksəriyyətdə olduğu digər bölgələrin bəzi qeyri-türk vəkilləri də Türk Fraksiyasına üzv olublar.

İLNA xəbər agentliyinin məlumatına görə, Aysor (Assur) cəmiyyətinə mənsub millət vəkili Yonatan Betkoliya onlardan biridir.

XS
SM
MD
LG