Accessibility links

İran Parlamentinin 100 millət vəkili ‘Türk Bölgələri Fraksiyası’nı təsis edib


Məsud Pezeşkiyab və Zəhra Sai
Məsud Pezeşkiyab və Zəhra Sai

Sabiq Səhiyyə Naziri Məsud Pezeşkiyan fraksiyanın başqanı olub

Aylardır İran Parlamentində bir türk fraksiyasının yaradılmasına dair gedən spekulasiyaların ardından, xəbər agentlikləri 100 millət vəkilinin yer aldığı “Türk Bölgələri Fraksiyası”-nın başqanı, rəyasət heyəti üzvləri və sözçüsünün təyin olunduğu bildiriblər.

Türk Bölgələri Fraksiyası bu bölgələrin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yardılıb.
Zəhra Sai

Fraksiyanın sözçüsü Təbrizin islahatçı millət vəkili Zəhra Sai tərəfindən İSNA agentliyinə verilən məlumata istinadən, Təbrizin digər islahatçı vəkili, sabiq nazir və İran Parlamentinin hazırki sədrinin birinci müavini Məsud Pezeşkiyan Türk Bölgələri Fraksiyasının başqanı olaraq seçilib.

Yayılan məlumata görə, Fraksiyanın rəyasət heyətinə həm islahatçı, həm də mühafizəkar millət vəkilləri daxil olunsa da, əksəriyyət islahatçı vəkillərdən ibarətdir.

Türk Bölgələri Fraksiyasının təşkilinə dair rəsmi müraciətin surəti
Türk Bölgələri Fraksiyasının təşkilinə dair rəsmi müraciətin surəti

Zəhra Sai fraksiyanın 100 millət vəkilinin iştirakı ilə təşkil olunduğunu bildirib. İLNA agentliyinə istinadən, İran Azərbaycanından əlavə Tehran, Qum, Əlburz və Fars kimi vilayətlərdən də türk millət vəkilləri fraksiyaya üzv olublar.

İLNA həmçinin Aysor (Assur) cəmiyyətinə mənsub millət vəkili Yonatan Betkoliyanın da Türk Bölgələri Fraksiyası tərkibində yer aldığını bildirib. Cənab Betkoliya xaricində qeyri-türk cəmiyyətlərdən başqa millət vəkillərinin fraksiyaya üzv olub-olmadığına dair məlumat yayılmayıb.

Rəyasət heyətinin mühafizəkar üzvlərindən Nadir Qazipur
Rəyasət heyətinin mühafizəkar üzvlərindən Nadir Qazipur

İranın İslami Şura Məclisinin mətbuat orqanı Millətin Evi xəbər agentliyi Zəhra Saiyə istinadən fraksiyanın hədəflərini açıqlayıb.

“Türk Bölgələri Fraksiyası bu bölgələrin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradılıb. İranın tamamında türk bölgələrinin genişliyini nəzərə alaraq, bütün üzvlərin əməkdaşlığı ilə müxtəlif problemlər və çətinlikləri birlikdə çözməyi ümid edirik,” deyə Zəhra Sai ifadə edib.

İran Parlamentində Türk Bölgələri Fraksiyasının təşkili ümumiyyətlə İran Azərbaycanında yerləşən siyasətçilər, media mənsubları və türk fəallar tərəfindən olduqca müsbət qarşılanıb.

Türk Bölgələri Fraksiyasının aysor cəmiyyətinə mənsub üzvü Yonatan Betkoliya
Türk Bölgələri Fraksiyasının aysor cəmiyyətinə mənsub üzvü Yonatan Betkoliya

XS
SM
MD
LG