İranın Ali Məhkəməsi iki urmiyalı haqqında "daşqalaq" hökmünü təsdiqləyib. Xəbəri İranın “Bəşər Haqları” fəallarının HARANA xəbər agentliyi yayıb.
Xəbərdə deyilir ki, Urmiyə həbsxanasında saxlanan Vəli Canfişani və Sariyə İbadi Möhsinə zinada ittiham olunur. İran qanunlarına əsasən, bu ittihamı sübut edilən şəxs edama məhkum edilir. Ali Məhkəmənin hər iki şəxs barədə aşağı məhkəmənin hökmünü qüvvədə saxlaması barədə xəbəri Səkinə xanım Məhəmmədi Aştiyanının vəkili Məhəmməd Mustafayi də təsdiqləyib. Cənab Mustafayi İranda olduğu vaxt belə ittihamlarla üz-üzə qalan şəxsləri və edama məhkum olunmuş azyaşlıları müdafiə edirdi. İran hökuməti beynəlxalq təzyiqlər nəticəsində, bir neçə həftə əvvəl Səkinə Məhəmmədi haqqında daşqalaq hökmünün icrasından imtina edib. Bundan sonra, vəkil Məhəmməd Mustafayi haqqında istintaq başlanıb və o Ettelaat tərəfindən sorğu-sual edilib. Cənab Məhəmmədi ona qarşı təzyiq və təqiblər artdığından İranı tərk edərək Türkiyəyə gedib. O hazırda qaçqın kimi Norveçin Oslo şəhərində yaşayır.
Həmin daşqallaq hökmləri son iki il ərzində Urmiyənin adi məhkəməsi və əyalət məhkəməsi tərəfindən təstiq olunub. Hökmlərin dəyişdirilməsi üçün ən son ümid İranın Ali Məhkəməsnə idi. Amma Ali Məhkəmə ümidləri puç edib və aşağı məhkəmələrin hökmlərini qüvvədə saxlayıb.
HARANA-nın məlumatında deyilir ki Vəli və Sariyə 2008-ci ildən (İran təqvimi ilə 1387-c il) həbs edilib, Urmiyə həbsxanasında saxlanırlar. Hər iki məhbusun vəkil tutma imkanları olmadığından onları ədliyyə dairələrinin təyin etdiyi vəkil müdafiə edir.
Səkinə xanım barədəki daşqalaq hökmü, dünya miqyasında geniş reaksiyalara və etirazlara səbəb olduğuna görə, hökmün icrası İran rəsmilərinin müdaxiləsi nəticəsində dayandırılıb. Minlərlə insanlar və təşkilatlar Səkinə xanımı müdafiyə məqsədilə müraciətlər qəbul ediblər. Fransanın birinci xanımı da Səkinə Məhəmmədini himayə məqsədilə ona açıq məktub yazıb. Xanım Sarkozinin açıq məktubu İran dövlətinin nəzarətindəki mediaların reaksiyasına səbəb olub, bu medialar onu təhqir edən bəyanatlara yer verilib.