Accessibility links

Ruhaninin prezidentliyi dövründə İranda 745 nəfər edam edilib


İranda daha 10 nəfər edam edilib
İranda daha 10 nəfər edam edilib

Edamlardan yalnız 319-u rəsmi mətbuat tərəfindən açıqlanıb. 437 edamın xəbərini insan haqları fəalları yayıb

İranın “Qəfəsdə nəfəs” (“Nəfəs dər qəfəs”) xəbər saytı ölkədə bir il ərzində həyata keçirilmiş edamların statistikasını açıqlayıb.

APA agentliyinin məlumat;na görə, hesabatda Həsən Ruhaninin 2013-cü il iyunun 14-də İran prezidenti seçilməsindən bəri ölkənin müxtəlif həbsxanalarında 745 nəfərin dara çəkildiyi qeyd olunub.

Bu edamlardan yalnız 319-u İran rəsmi mətbuatı və müvafiq orqanları tərəfindən açıqlanıb. Ancaq 437 nəfərin dara çəkilməsi xəbəri insan haqları fəalları tərəfindən dərc edilib.

Sənədə əsasən, ötən bir il ərzində ölkənin müxtəlif həbsxanalarında 38 siyasi məhbus edam edilib. Bunlardan 24-ü bəluc, 8-i ərəb və 5-i kürddür. Onlardan yalnız bir nəfəri - Qulamrza Xosrəvi Səvadcani İran Xalq Mücahidləri Təşkilatı (İXMT) ilə əməkdaşlıqda günahlandırılaraq dara çəkilib. Bəluclardan 15 nəfəri Çabahar şəhərinin həbsxanasında, 8-i isə Zabol şəhərinin prokuroruna qarşı terror aktının intiqamının alınması məqsədilə Zahidan zindanında edam edilib. Eyni zamanda Həbibullah Güləripur, Rza İsmaili, Şirko Marrifi və Semko Xurşidi kürd partiyalarına dəstək verməkdə təqsirləndirilərək asılıblar.

Bundan başqa, Haşim Şəbaninejad, Hadi Raşidi, Qazi Abbasi, Əbdülrza Əmirxənafərə, Əbdüləmir Mücəddəmi və Casim Müqəddəmpənah dara çəkilmiş ərəb siyasi məhbuslardır. Eyni zamanda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) iyunun 13-də iki ərəb siyasi məhbus - Əli Çəbişat və Seyid Xalid Musəvinin ailəsinə onların da edam edildiklərini xəbər verib.

Hesabatda İranda “Arya” investisiya şirkətinin sahiblərindən olan, 3 trilyonluq korrupsiya işinin əsas müttəhimi Mehafərid Əmirxosrəvinin də rüşvət vermək, çirkli pulların yuyulmasında iştirak etmək, qeyri-qanuni milyardlarla tümən pul almaq, korrupsiya və sövdələşmə ilə ölkənin iqtisadiyyatına xələl vurmaqda günahlandırılaraq dara çəkildiyi bildirilir.

Eyni zamanda sənəddə ötən bir il ərzində İranın müxtəlif şəhərlərində 42 nəfərin ictimaiyyətin gözü qarşısında edam edildiyi vurğulanır. Bundan əlavə, dara çəkilənlər arasında 19 nəfər Əfqanıstan vətəndaşı da var.

Hesabatda 316 nəfərin narkotik maddələrin qaçaqmalçılığında, 235 nəfərin qətldə, 39 nəfərin təcavüzdə və 2 nəfərin də silahlı oğurluqda günahlandırılaraq edam edildiyi qeyd olunub. Dara çəkilənlərdən 27 nəfərinin qadın, 7 nəfərinin isə gənc olduğu bildirilir. Bundan əlavə, 2013-cü il martın 2-də iki nəfərin qanunsuz hərəkətlərinə görə Rəşt həbsxanasında dara çəkildiyi vurğulanır.

XS
SM
MD
LG