rezident İlham Əliyev Ağdam rayonunda cəbhə xəttində yerləşən hərbi hissədə əsgərlərin və zabitlərin qarşısında çıxış edib. Prezidentin çıxışı cəbhənin Ağdam-Tərtər istiqamətində son gərginlikdən sonraya təsadüf edir.
“Bu gün təmas xəttində vəziyyətlə tanış oluram. Müdafiə Nazirliyi müntəzəm olaraq operativ məlumat verir. Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir, güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib”, deyə o qeyd edib.
Dövlət başçısı ordunun peşəkarlığı, döyüş qabiliyyətinin yüksək olması, müasir və dağıdıcı silahlarla təchizatından danışıb.
“Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər. Bunu biz də bilirik, Azərbaycan xalqı da, düşmən də bilməlidir. Bu gün ancaq Azərbaycan dövlətinin siyasəti sayəsində bölgədə sabitlik hələ ki, təmin edilir. Azərbaycan sabitləşdirici ölkədir. Biz bu gün öz imkanlarımızı artıraraq daha da güclü orduya malik oluruq və bu ordu istənilən vaxtda, istənilən vəzifəni icra edə bilər”, ali baş komandan bildirib.
O qoşunların təmas xəttində son günlər ərzində baş vermiş hadisələri də yada salıb.
“Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına, namərdcəsinə gecə vaxtı bizim bölgələrimizə hücum etmişlər. Biz itki vermişik, əsgərlərimiz şəhid olmuşlar. Allah bütün şəhidlərə rəhmət eləsin, onların ailələrinə, yaxınlarına səbir versin. Ancaq, eyni zamanda, düşmən layiqli cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir”.
Onun fikrincə, “bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin – işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər”.
Prezident deyib ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. @İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir”, ali baş komandan qeyd edib.