Accessibility links

Gülağa Aslanlı: Polis Moskvanın tapşırığı ilə saxlandığımızı bildirdi


Gülağa Aslanlı
Gülağa Aslanlı

Rusiya polisi Müsavat Partiyası başqanının müavinlərini Krıma buraxmayıb

Martın 10-da Rusiyanın Dağıstan Respublikasının Maxaçqala şəhərində saxlanan Müsavat Partiyasının başqan müavinləri Arif Hacılı və Gülağa Aslanlı martın 11-də gecə Bakıya qayıdıb. Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı Amerikanın Səsinə bildirib.

Müsavat Partiyasının müavinləri Krımda mövcud durumla tanış olmaq üçün Bakı-Kiyev qatarı ilə Ukraynanın bu regionuna səfərə gedirdilər. Hər iki müavin Mahaçqalada qatardan düşürdülərək polis şöbəsinə aparılıb.

Aslanlı saxlanmaqlarını siyasi adlandırıb. Onun sözlərinə görə, polis idarəsində yüksək vəzifəli polis əməkdaşı tapşırığın Moskvadan verildiyini bildirib. “Martın 10-da səhər saatlarında Mahaçqalada 10 nəfərdən çox polis əməkdaşı bizim kupeyə daxil oldu. Bizimlə çox kobud davrandılar və qatardan düşürərək polis şöbəsinə apardılar. Orada əvvəlcə cinayət işi qaldıracaqlarını bildirdilər. Sonra Arif Hacılının keçmiş deputat, mənim Mərkəzi Seçki Komissiyasının üzvü olduğumu bildikdən sonra cinayət işini inzibati qaydada cərimə ilə əvəz etdilər. Polisdə bizim Krıma getməyimizin düzgün olmadığını, orada vəziyyətin ağır olduğunu, Krım məsələsinə qarışmamağımızı dedilər. Qərbin ünvanına tənqidlər söylədilər və bizə məcburən Moskva-Bakı qatarına bilet aldırdılar. Polis nəzarəti altında Bakıya yola saldılar. İki polis əməkdaşı Azərbaycan sərhədinədək qatarda bizi nəzarət altında saxladı”, o qeyd edib.

Aslanlının sözlərinə görə, Maxaçqalada polis onların hər birini inzibati qaydada 500 rubl cərimə edib.
XS
SM
MD
LG